Qarabağda antiterror tədbirlərinin uğurla başa çatması Azərbaycanın böyük geosiyasi qələbəsidir. Bu, 30 ildən çox mövcud olan qeyri-qanuni anklavın, bir sözlə tanınmamış “Artsax”ın, “Miatsum” layihəsinin məhv olunması deməkdir. Qarşıda Qarabağ ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya dövrü gəlir.
Bu fikirləri APA-nın Moskva müxbirinə rusiyalı tanınmış siyasi şərhçilər bölüşüblər.
“Bu, “Artsax” layihəsinin məhv olunması deməkdir”
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, polittexnoloq Dmitri Solonnikov bildirib ki, Azərbaycanın öz ərazisində keçirdiyi lokal antiterror tədbirlərinə sülhə məcbur etmə əməliyyatı da deyilə bilər: “Bu antiterror tədbirləri 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının tam icra olunması ilə nəticələndi. Məhz həmin sənəddə Qarabağdan erməni silahlı birləşmələrinin çıxarılması nəzərdə tutulmuşdu. Məhz o zaman Ermənistan tərəfi buna əməl edəcəyinə söz vermişdi. Lakin bu vədə əməl olunmamışdı. Azərbaycan 24 saat ərzində keçirdiyi antiterror tədbirləri ilə onları buna məcbur elədi. Artıq real addımlar atılır, məlumat var ki, erməni silahlı birləşmələri təslim olub, silahları və mövqelərini təhvil verirlər. Əgər proses bu dəfə sona qədər icra olunsa, bu faktiki olaraq nəhayət, sağlam məntiqin qələbəsi olacaq. Bu, 30 ildən çox mövcud olan qeyri-qanuni anklavın, bir sözlə tanınmamış “Artsax” layihəsinin məhv olunması deməkdir. Bunun məntiqi sonluğu Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasıdır. Şübhəsiz, bu, Azərbaycanın böyük geosiyasi qələbəsidir”.
Rusiyalı ekspert hesab edir ki, bu hadisə ümumilikdə, Cənubi Qafqazda bütün münasibətlərin normallaşmasına gətirib çıxaracaq: “Bu hadisədən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkənin sərhədlərinin delimitasiya və demarkasiya olunması üçün heç bir maneə qalmayacaq”.
Polittexnoloqun fikrincə, Azərbaycanın qələbəsi Zəngəzur dəhlizinin açılmasını da mümkün edir: “Çünki 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılması da nəzərdə tutulub. Bu razılaşmanın bütün bəndləri icra olunmalıdır. Artıq tək icra olunmayan bənd Zəngəzur dəhlizinə aid olan bənddir. Bu bəndin icra olunması regionda hamının ümid etdiyi sülh, dinc həyat deməkdir”.
Solonnikov vurğulayıb ki, Ermənistan Baş naziri Nikol Paşinyan indi Azərbaycanla sülh müqaviləsini imzalamağa məcburdur: “Çünki Qarabağla bağlı məsələ artıq bağlanıb. Bu problem artıq mövcud deyil, daha müzakirə olunası məsələ yoxdur. Regionda nəqliyyat kommunikasiyalarının, əlaqələrin açılmasına heç bir maneə yoxdur. Artıq hansısa “soyqırımı” və ya “blokada”dan söhbət gedə bilməz. Qarabağın erməni sakinləri bundan sonrakı həyatları üçün qərar qəbul edəcəklər. Kimsə, çoxmillətli Azərbaycan ailəsində yaşamağa, kimsə də Ermənistana getməyə qərar verəcək. Qarşıda Qarabağ ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya dövrü dayanır”.
“Azərbaycan Qarabağı nəhayət, tam şəkildə öz tərkibinə qaytardı”
“Moskovskiy Komsomolets“ qəzetinin siyasi şərhçisi, tanınmış jurnalist Aleksandr Budberq isə hesab edir ki, hazırda regionda baş verənlər bir dairənin qapanmasıdır: “Bu dairə 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi ilə açılmışdı. O zaman məlum olmuşdu ki, Ermənistan Qarabağ uğrunda döyüşməyə hazır deyil və onun bunun üçün heç resursu da yoxdur. Üstəlik də, aydın olmuşdu ki, indiki Ermənistan rəhbərliyi Qarabağın Ermənistanın inkişafına mane olması siyasi kursunu yürüdür. Paşinyanın başlıca ideyası Qarabağın uduzulmasında onun günahlandırılmaması idi. Ona görə də, həm Bakı, həm də İrəvan məqsədlərinə çatmış oldu. Azərbaycan Qarabağı nəhayət, tam şəkildə öz tərkibinə qaytardı. Əgər Paşinyanın fəaliyyətini təhlil etsək, o zaman görərik ki, Ermənistan Baş naziri bu hadisələri hələ avqust ayından tezləşdirməyə başlamışdı. Paşinyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu parlamentə ratifikasiyaya göndərərək Moskva ilə, eyni zamanda, Prezident Vladimir Putinlə şəxsi münaqişəyə girmişdi. Bütün bu məqamlar Azərbaycana antiterror əməliyyatı keçirməyə özü-özlüyündə dəvətnamə idi. Lakin ümumilikdə götürsək, Ermənistan 30 illik dövrdə işğal etdiyi Qarabağ və ətraf əraziləri həzm edə bilməmişdi. Həm də bu, Ermənistanın inkişaf etməsinə maneə olurdu. Düşünürəm ki, hazırda region üçün yeni dövrün başlanğıcıdır. İndi mehriban qonşuluq münasibətlərinin qurulmasının vaxtıdır. Bu mümkündür. Azərbaycan və Ermənistan birlikdə iqtisadi məsələləri həll etməklə buna nail ola bilərlər”.
“Ermənistan həm hərbi mənada, həm də siyasi mənada məğlubdur”
Rusiyalı tanınmış ictimai-siyasi xadim Maksim Şevçenko hesab edir ki, artıq Azərbaycan və erməni xalqlarını normal və dinc gələcək qurmaq imkanını əldə etdiklərinə görə təbrik etmək olar: “Çürümüş Qarabağ faktoru 30 ildən çox idi bu iki xalqa birgə gələcək qurmağa imkan vermirdi, minlərlə insanın həyatına son qoymuşdu. Yüz minlərlə insan öz ev-eşiyindən, yurdundan didərgin düşmüşdü. İndi şans var ki, bütün bunlara son qoyulsun. Hesab edirəm ki, bu şansı heç cür əldən vermək olmaz. Azərbaycanlılar üçün sözsüz ki, bu bayramdır. Çünki, ölkənin ərazi bütövlüyü tam bərpa olunur. Ermənistan isə bu müharibəni uduzub, həm hərbi mənada, həm də siyasi mənada məğlub olub. Müharibə artıq bitib. İndi gələcək barədə düşünmək lazımdır”.
.