KTMT-nin İrəvanda keçiriləcək sammiti təşkilat üçün vacib olsa da, Ermənistan-Azərbaycan nizamlanması üçün prinsipial olmayacaq.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

Onun sözlərinə görə, İrəvan sammiti KTMT üçün ona görə vacib olacaq ki, “təşkilat ABŞ-ın Rusiya ilə əməkdaşlıq edənlərə qarşı repressiv siyasəti şəraitində fəaliyyətini davam etdirəcək”: “Təşkilata üzv dövlətlər Rusiya ilə əlaqələri qoparmadan, Qərbin təzyiqlərinə məruz qalmadan mövcudiyyətləri üçün modul axtarıb tapacaqlar. Çünki KTMT-yə üzv dövlətlər Rusiyaya görə ABŞ-la, ümumilikdə Qərblə konfrantasiyaya getmək istəmirlər”.

Rusiyalı ekspert KTMT daxilində Ermənistan-Azərbaycan məsələsi ilə bağlı vahid mövqeyin olduğunu da qeyd edib: “O ki qaldı Paşinyan hakimiyyətinin Ermənistanı KTMT-dən çıxarmaq siyasəti ilə bağlı çağırışlarına, bunun səbəbi təşkilatın Ermənistan-Azərbaycan münaqişəsində İrəvanın tərəfini tutmamasıdır. Bununla bağlı KTMT-də vahid birlik var. Təşkilatın bütün ölkələri Ermənistanın tərəfində olmayacaqları ilə bağlı vahid mövqedədirlər. Hətta onların bir çoxu daha çox Azərbaycanın tərəfindədirlər, nəinki KTMT üzvü olan Ermənistanın... Ona görə də, təşkilatın İrəvanda keçiriləcək sammitində prinsipial heç bir yenilik olmayacaq”.

Markov bununla belə, Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək danışıqların vacib ola biləcəyini vurğulayıb: “Paşinyan Rusiyanın Ermənistanı daha aktiv dəstəkləməsini artıq xahiş etmir, tələb edir. Paşinyan Moskvanın düşmənləri olan Fransaya və ABŞ-a tərəf gedəcəyi ilə bağlı Rusiyanı təhdid edir. Bu şərtlərdə Rusiya Paşinyana nədəsə güzəştə getmək, ya da onu digər erməni siyasətçi ilə əvəz etməklə bağlı qərar verməlidir. Düşünürəm ki, Putin bu görüşün yekununda bu məsələ ilə bağlı qərar verməlidir. Bununla yanaşı, Rusiyanın ictimai rəyində Moskvanın Ermənistan-Azərbaycan münaqişəsində neytral mövqe tutması ilə bağlı dəqiq mövqe mövcuddur. Putinin də bununla bağlı dəqiq mövqeyi var. Bu mövqe ondan ibarətdir ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında moderator rolunu oynamalıdır, həm Bakı, həm də İrəvanla dostluq etməlidir. Ukraynada müharibə şəraitində Rusiya Türkiyə ilə münaqişə risklərini minimallaşdırmağa çalışır. Çünki Rusiyaya Türkiyə dost, tərəfdaş kimi lazımdır. Ona görə də, Putinin Paşinyanla danışıqları çox ciddi olacaq və böyük ehtimalla bu danışıqların yekununda Putin hansısa vacib qərar qəbul edəcək”.

Rusiyalı siyasi ekspert Yevgeni Mixaylov KTMT-nin İrəvan sammitinin maraqlı və gərgin keçəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, sammitin İrəvanda anti-Rusiya aksiyalarının fonunda keçirilməsi maraqlıdır: “Sammit zamanı Moskva əlindən gələni edəcək ki, İrəvan tələsik nəticələr çıxarmasın. Əgər sammitdə Ermənistan öz şərtlərini irəli sürsə ki, KTMT Azərbaycanla qarşıdurmada İrəvanı dəstəkləməlidir, əlbəttə ki, Moskva və digər üzv dövlətlər buna razı olmayacaq. Ona görə ki, Moskva Ermənistan ərazisində təhlükəsizliyi özü təmin edir və Rusiya hesab edir ki, sentyabr ayında İrəvanın KTMT-yə Azərbaycana qarşı müharibəyə qoşulmaqla bağlı çağırışları təxribatdır. Düşünürəm ki, bu baxımdan sammit ağır keçəcək və Ermənistana Rusiyanın maraq dairəsindən kənara çıxmağa heç bir halda imkan verilməyəcək. Bununla yanaşı, Moskva İrəvana Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərməyə də imkan verməyəcək”.

.