Azərbaycanın iki il bundan əvvəl çevirdiyi səhifə tarixi ədalətin bərpası səhifəsi idi. Təəssüflər olsun ki, bu səhifə qanla yazılmış oldu.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının beş çağırış deputatı olmuş, hazırda Həştərxan vilayəti Dumasının “Ədalətli Rusiya” Partiyası fraksiyasının rəhbəri Oleq Şein bildirib.

Onun sözlərinə görə, iki il bundan öncə baş verənlər hamı üçün gözlənilməz oldu: “Azərbaycan prezident İlham Əliyev tərəfindən açıq şəkildə səsləndirilən vəzifəni həll etdi. Mən bir müddət öncə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dəvəti ilə Qarabağda, Şuşada oldum. Qarabağın bərpası ilə bağlı görülən işlərin tempinə heyran olmamaq mümkün deyil. Mən Azərbaycanın infrastrukturu, yolları necə bərpa etdiyinə, işğaldan azad edilmiş torpaqlarda insanların dinc yaşaması üçün gördüyü işlərə heyran qaldım. Arzu edirəm ki, Qarabağda dinc həyat tezliklə bərpa olunsun”.

Rusiyalı deputatın ölkələrin qonşuları ilə dostluq münasibətlərinin vacib əhəmiyyət daşıdığını söyləyib: “Qonşularla dostluq etməyi bacarmaq lazımdır, çünki coğrafiyanı dəyişmək mümkün deyil. Mübahisə etmək, münaqişə etmək olar, lakin hər bir münaqişə strateji cəhətdən həmin ölkənin özünə fayda vermir. Sülh imzalananda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qəbul edilən qərar təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də olduqca vacibdir. Ona görə ki, Ermənistan böyük dünya bazarına, ticarət əlaqələrinə, eləcə də öz inkişafına çıxış imkanı əldə edəcək”.

.