
Rusiya Ukrayna ilə danışıqları istənilən formatda davam etdirməyə hazırdır, lakin mümkün yüksək səviyyəli görüş danışıqlar prosesinə nöqtə qoymalıdır.
Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.
"Biz istənilən formata hazırıq. Lakin söhbət yüksək səviyyəli görüşlərdən (Rusiya və Ukrayna prezidentlərinin - red.) gedəndə, onları əvvəlki bütün mərhələlərdə ən diqqətli şəkildə hazırlamaq lazımdır ki, sammitlər vəziyyətin pisləşməsi ilə nəticələnməsin, əksinə, davam etdirməyə hazır olduğumuz danışıqlara həqiqətən nöqtə qoysun", - o qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı təkcə bu danışıqları (Ukrayna ilə - red.) davam etdirməyi deyil, həm də nümayəndə heyətləri başçılarının səviyyəsinin yüksəldilməsi barədə düşünməyi təklif edib.
S.Lavrov əlavə edib ki, Moskva Ukrayna böhranı ilə əlaqədar kollektiv təhlükəsizlik məsələlərinin Rusiyanın iştirakı olmadan həll ediləcəyi vəziyyətlə razılaşa bilməz. O, belə vəziyyəti utopiya adlandırıb.
.