Rusiya Xarici İşlər Nazirliyi Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanat yayıb.

Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda deyilir: “Qarabağda münaqişə bölgəsində hərbi əməliyyatlara son qoyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı imzalamasında bir il ötür. Bu addım qan tökülməsinə son qoymağa və bölgədə dinc həyatın bərqərar olması prosesinə start verməyə imkan verdi.

Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli Bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir.

9 noyabr 2020-ci il tarixli Bəyanata uyğun olaraq yerləşdirilən Rusiya sülhməramlı kontingenti regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. Azərbaycanlı və erməni dostlarımız bunu yüksək qiymətləndirirlər.

Rusiya sülhməramlılarının iştirakı ilə 2020-ci il dekabrın 2-dən ümumilikdə 122 hərbi əsir və saxlanılan şəxs geri qaytarılıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Öz növbəsində 3 paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib”.

Bəyanatda daha sonra vurğulanıb ki, Rusiya sülhməramlı kontingenti bölgədə dinc həyatın qurulmasında fəal iştirak edir: “Regiona mütəmadi olaraq humanitar yardımlar çatdırılır, ərazilər minalardan təmizlənir (2020-ci ilin noyabr ayından 1937 bina yoxlanılıb, 2311,5 hektar ərazi və 683 km yol təmizlənib, 26 mindən çox partlayıcı obyekt aşkar edilib). Həyat üçün zəruri olan infrastruktur bərpa olunur. 53 minə yaxın qaçqın öz evlərinə qayıdıb.

Biz qalan humanitar problemlərin operativ şəkildə həlli, o cümlədən bütün saxlanılan şəxslərin azad edilməsi, bütün itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına köməklik edilməsi, həlak olanların cəsədlərinin təhvil verilməsi və minalanmış sahələrin tam dəqiq xəritələrinin təqdim edilməsi üçün səylərimizi davam etdiririk. Mədəni, dini və tarixi irs obyektlərinin təhlükəsizliyinin təmin edilməsi də aktualdır.

Biz tərəfdaşlarımızla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindəyik. Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk.

Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq.

Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq.

Biz, ilk növbədə, regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin həlli kontekstində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xətti ilə səylərin davam etdirilməsini vacib hesab edirik. BQXK, UNESCO və digər müvafiq beynəlxalq təşkilatların töhfəsi də tələb olunur.

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik. Biz həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq.

Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”.

.