Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Amerika tərəfi Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyata başlamaq qərarı barədə məlumat verib.

Amerika nümayəndəsinin təqdim etdiyi arqumentlərə cavab olaraq, Lavrov güc tətbiqinin dərhal dayandırılmasının vacibliyini və daha çox qan tökülməsini istisna edəcək həll yolu tapmaq məqsədi ilə bütün tərəflər üçün siyasi dialoqa getməyin vacibliyini vurğulayıb.

Fevralın 18-də Ər-Riyadda yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan qarşılıqlı anlaşmaların həyata keçirilməsinin konkret aspektləri də müzakirə olunub.

Lavrov və Rubio təmasları davam etdirməyə razılaşıblar.

.