“Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazır olmasına dair bəyanatına münasibət bildirərkən deyib.

“Rusiya problemli məsələlərin həllində ali və yüksək səviyyədə müntəzəm dialoqun hər zaman qarşılıqlı anlaşmaya və konstruktiv atmosferin dəstəklənməsinə kömək etdiyi qənaətindədir. Məhz Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan tökülməsi dayandırılıb və üçtərəfli bəyanatı imzalamağa nail olunub. Başa düşürsünüz ki, bu cür yüksək səviyyəli görüşləri təşkil etmək ciddi hazırlıq tələb edir. Minsk Qrupu həmsədrlərinin regiona səfəri bu görüş üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.

Rusiya XİN həmsədrlərin regiona səfəri məsələsinə münasibət bildirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sentyabrın 25-də mətbuat konfransı zamanı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini müsbət qiymətləndirməsini bir daha təsdiqləyirik.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi həmsədrlərin BMT Baş Assambleyası çərçivəsində təmaslarına da toxunub. O qeyd edib ki, bu, tərəflərin həmsədrlərin regiona səfər etmələri və ilk növbədə qarşıda duran vəzifələri həll etmək barədə razılığa gəlməsi deməkdir.

“Rusiya XİN rəhbərinin qeyd etdiyi kimi, burada söhbət ilk növbədə müsbət tendensiyaların genişləndirilməsi və möhkəmləndirilməsi, yaşayışın, eləcə də Azərbaycan və erməni icmalarının əməkdaşlıqlarının təmin edilməsindən gedir. O ki qaldı həmsədrlərin səfər tarixinə, bunu ancaq onlar özləri lazım bildikləri vaxt açıqlayacaq”, - A. Zaytsev vurğulayıb.

.