Rusiya Xarici İşlər Nazirliyi Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigezin andiçmə mərasiminin keçirilməsini alqışlayır və ona uğurlar arzulayır.

Bu barədə Rusiya XİN bəyanat yayıb.

“Bu addım Bolivar hökumətinin birliyi təmin etmək və milli qanunvericiliyə uyğun olaraq, qurulmuş vertikal hakimiyyət strukturunu qorumaq, konstitusiya böhranı risklərini azaltmaq və açıq-aşkar neokolonial təhdidlər və xaricdən silahlı təcavüz qarşısında Venesuelanın davamlı dinc və sabit inkişafı üçün lazımi şərait yaratmaq əzmini nümayiş etdirir”, - bəyanatda deyilir.

Rusiya XİN Venesuelaya yardım göstərməyə davam etməyə hazır olduğunu bildirib, respublikaya müstəqil olaraq “heç bir dağıdıcı xarici müdaxilə olmadan öz müqəddəratını təyin etmək” imkanı verilməsini tələb edib və dialoqa çağırıb.

Bəyanatda o da vurğulanıb ki, “Latın Amerikası və Karib dənizi sülh zonası olaraq qalmalıdır, region ölkələrinin suveren inkişafı təmin edilməlidir”.

Qeyd edək ki, Venesuelanın vitse-prezidenti Delsi Rodrigez ölkə prezidentinin səlahiyyətlərini icra edən şəxs kimi and içib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.

.