Rusiya Xarici İşlər naziri Sergey Lavrov koronavirusla bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasından sonra MDB ölkələri arasında sərhədlərin açılması ehtimalına münasibət bildirib.

MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən görüşünün yekunları ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında S. Lavrov sərhədlərin açılması qərarını Xarici İşlər nazirliklərinin vermədiyini bildirib.

“Bu barədə qərarı sanitar hakimiyyət verir. Biz bu gün keçirilən iclasda məhz bu barədə də danışdıq, ölkələrimizin bir-birinə verdiyi dəstəyi qeyd etdik. Rusiya MDB ölkələrinə koronavirusu müəyyən edən test sistemlərini və avadanlıqları göndərib. Rusiya özü də bu məsələdə yardım alıb. Biz MDB ölkələri ilə vətəndaşlarımızın ölkəyə gətirilməsi istiqamətində əməkdaşlıq edirik. MDB-dən olan tərəfdaşlarımıza da bu istiqamətdə yardım edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov: "Koronavirus böhranı MDB ölkələrinin bir-birinə bağlı olduğunu bir daha nümayiş etdirdi"

“Koronavirusla bağlı yaranmış böhran bir daha nümayiş etdirdi ki, biz hamımız bir-birimizə bağlıyıq, bir-birimizdən asılıyıq”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən görüşünün yekunları ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında deyib.

Rusiya XİN başçısı MDB ölkələri ərazilərinin infeksiyalı xəstəliklərdən sanitar qorunması ilə bağlı Koordinasiya Şurasının mart və aprel aylarında iki iclas keçirdiyini söyləyib: "Bu ay növbəti iclasın keçirilməsinə hazırlıq gedir".

S. Lavrov Koordinasiya Şurasının yanında koronavirusla bağlı vəziyyəti monitorinq etmək üçün İşçi Qrupun yaradıldığını da qeyd edib: "Biz bu gün Birlik ölkələrinin infeksion xəstəliklərlə mübarizədə hüquqi-normativ bazasının möhkəmləndirilməsi barədə razılığa gəldik. Bununla əlaqədar "Rospotrebnadzor" tərəfindən irəli sürülən iki Saziş layihəsinin işlənib hazırlanmasını sürətləndirməyə razılaşdıq. Bunlardan birincisi, MDB ölkələrinin ərazilərinin sanitar mühafizəsi haqqında, ikincisi isə MDB ölkələrində ictimai səhiyyə və sanitar-epidemioloji xarakterli sahələrdə fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq sazişidir. Özbəkistan tərəfinin koronavirus infeksiyasının yayılması ilə mübarizə mövzusunun MDB hökumət başçılarının iclasına təqdim olunması təklifini dəstəklədik".

.