Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən Rusiya XİN rəsmisi tərəfləri təmkinli olmağa çağırıb.

“Rusiya vasitəçilik səylərini davam etdirir. Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır”, - M. Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Bakı və İrəvanın rəsmi nümayəndələrinin bəyanatlarından görünür ki, tərəflər vəziyyəti bir-birinə diametral şəkildə qiymətləndirirlər və baş verənlərdə bir-birini günahlandırırlar: “Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün həm Azərbaycanla, həm də Ermənistanla təmasdadır. Dünən bizim ölkənin Prezidentinin Ermənistanın Baş naziri ilə telefon danışığı olub. Rusiya müdafiə naziri Sergey Şoyqu isə Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar aparıb. Bu vasitəçilik səyləri nəticəsində hərbi toqquşmalar dünən axşamdan dayandırılıb. Gərginliyi aradan qaldırmaq məqsədilə birgə iş aparılır. Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərə imkan verməməyə, bütün mübahisələri istisnasız olaraq siyasi-diplomatik yolla həll etməyə çağırırıq. Bundan sonra da tərəflərə regionda sülh və sabitliyin dəstəklənməsi naminə kömək etməyə hazırıq. Son hadisələr onu göstərir ki, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasi və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının, eləcə də daha əvvəl Rusiyanın təklifləri əsasında təqdim edilmiş müvafiq birgə komissiyanın işə başlamasının vacibliyini təsdiq edib. O ki qaldı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə, yəqin ki, siz onların 15 noyabr tarixli birgə bəyanatını görmüsünüz. Onlar baş verən sərhəd insidentindən öz narahatlıqlarını ifadə ediblər. Həmsədrlər aktiv vasitəçilik səylərini davam etdirirlər. Noyabrın 10-da UNESCO-nun Baş Assambleyası çərçivəsində həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birlikdə və ayrı-ayrılıqda görüşləri olub. Həmsədrlər hazırkı vəziyyəti müzakirə etmək üçün Vyanadadırlar. Biz bir daha həmsədrlərin tezliklə regiona səfərlərinin təşkilinin vacibliyini qeyd edirik”.
 

.