Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Onun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur. Hazırda iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb. İki ölkə arasında münasibətlərdə əlamətdar hadisə bu il fevralın 22-də Moskvada ən yüksək səviyyədə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanması olub. Bu sənəd xarici siyasətin əlaqələndirilməsinin və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini, beynəlxalq terrorizmə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur. Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü (4 aprel) ilində Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxması kifayət qədər simvolikdir”, - deyə Rusiya XİN-in məlumatına qeyd olunub.

Rusiya XİN: Üçtərəfli sazişlərin həyata keçirilməsinə Cənubi Qafqazda sülhün əsas şərti kimi baxırıq

Rusiyanın xarici siyasət prioritetlərindən biri də 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya bu razılaşmaların həyata keçirilməsinə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam əməkdaşlığın bərpası üçün əsas şərtlər kimi baxır.

“Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə riayət olunmasına nəzarət edir və məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir. Sülhməramlılar qaçqınların geri qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinə vasitəçilik edir.

Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır. Azərbaycanlı və Ermənistanlı tərəfdaşlarımızla birlikdə Baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını alqışlayırıq. Delimitasiya prosesinin başlanması Azərbaycan və Ermənistan arasında sərhəd insidentlərinin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə lazımi məsləhətçi yardımı göstərəcək.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək.

Biz Ceyhun Bayramovun qarşıdakı səfərinə Rusiya-Azərbaycan etibarlı siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində baxırıq”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

.