“Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsul olduğu zonada vəziyyət nisbi sabit olaraq qalır. Ayrı-ayrı insidentlər Azərbaycan və Ermənistandan olan həmkarlarımızla həll olunur. Rusiya sülhməramlılarına qarşı təxribatçı hərəkətlər qeydə alınmır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“O ki qaldı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı rayonlarındakı insidentlərin Qarabağ nizamlanması ilə birbaşa əlaqələndirilməsinə, bir daha qeyd edirik ki, bizi bunu belə qiymətləndirmirik. Hesab edirik ki, sərhəddəki insidentlərin Qarabağ nizamlanması ilə birbaşa bağlılığı yoxdur və bu insidentlər Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqi formalaşmış sərhədin olmamasının nəticəsidir. Biz dəfələrlə demişik ki, məsələnin uzunmüddətli və dayanıqlı həllini Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesinə tezliklə başlanmasında görürük. Biz buna konsultativ yardım etməyə hazırıq. Hazırda sərhədlərin delimitasiyası və demarkasiya prosesi, habelə de-eskalasiya məqsədi ilə Xarici İşlər və Müdafiə nazirlikləri və Sərhəd Xidmətlərinin xətti ilə təmaslar davam edir”, - deyə Rusiya XİN rəsmisi qeyd edib .
 

.