Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Ukraynaya kaset bombası tədarükü ilə bağlı qərarına münasibət bildirib.

Rusiya XİN-nin saytında yerləşdirilən bəyanatda bu qərarın ABŞ-ın Ukraynadakı münaqişəni və müharibəni son ukraynalıya qədər uzatmağa yönəlmiş aqressiv anti-Rusiya kursunun növbəti açıq təzahürü olduğu bildirilib.

"Bu qərar Ukraynanın çox reklam olunan "əks-hücum"unun uğursuzluğu fonunda çarəsizlik jesti və gücsüzlüyünün sübutudur. Bu, mülki əhali arasında itkilərdən asılı olmayaraq hazırkı Ukrayna hakimiyyətinin ağrı-acısını uzatmaq üçün kinli cəhddir. Vaşinqton əslində ərazinin minalanmasında şərik olacaq və partlayışlar nəticəsində ölənlərin, o cümlədən rusiyalı və ukraynalı uşaqların məsuliyyətini tam bölüşəcək.

Beynəlxalq ictimaiyyətin bu aşkar faktları rədd etməyə haqqı yoxdur və onlara adekvat cavab verməlidir", deyə bəyanatda vurğulanıb.

.