"İTAR-TASS" agentliyinin verdiyi məlumata görə, Rusiyadan Ukraynaya ixrac edilən qablaşdırılmış çayda problem yaranarsa, rəsmi Moskva yeni ticarəti Azərbaycanla qurmağa çalışacaq. Bu barədə ictimaiyyətə Rusiyada çay və kofe istehsalı ilə məşğul olan "Rosçaykofe" şirkətinin direktoru Ramaz Çanturiya məlumat verib. O, əlavə edib ki, hələlik Rusiyadan Ukraynaya göndərilən məhsullarla bağlı hər hansı problem yaranmasa da, iki ölkə arasında mövcud durum ticarət əlaqələrini təhlükə altına salıb.
Xatırladaq ki, hazırda Rusiyadan Ukraynaya qablaşdırılmış çayın ixracı 64 faiz təşkil edir. Moskvanın ikinci ən böyük bazarı isə Qazaxıstandır. Ramaz Çanturiya "İTAR-TASS" agentliyinə müsahibəsində deyib ki, Ukraynada ixracla bağlı problemlərin yaranmayacağına ümid etsə də, Azərbaycan bazarına da daxil olmağın yollarını axtarır. "Azərbaycanda qablaşdırılmış çayla bağlı bazarda qeyri-rəsmi monopoliya mövcuddur. Hazırda bu bazara daxil olmaq üçün qarşı tərəflə danışıqlar aparırıq.",-deyə "Rosçaykofe" şirkətinin direktoru əlavə edib.
.