Xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Rusiya silahlı qüvvələri Ukraynanın 289 pilotsuz uçuş aparatını, 1656 tankı və 169 reaktiv yaylım atəşi sistemini məhv edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 289 pilotsuz uçuş aparatı, 1656 tank və digər zirehli döyüş maşını, 169 reaktiv yaylım atəşi sistemi, 684 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1503 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib," - deyə Konaşenkov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Hava Kosmik Qüvvələri bir gündə Ukraynanın 67 hərbi obyektini, o cümlədən iki komanda məntəqəsini məhv edib: "Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 67 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, silah-sursat olan üç səhra anbarı, Ukrayna silahlı qüvvələrinin bölmələrinin 11 dayaq məntəqəsi və hərbi texnikanın cəmləşdiyi 20 rayon var".
Rusiya MN: Lvovda yanacaq bazası və radio təmiri zavoduna zərbə endirilib
Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə ərzində Ukraynanın 18 pilotsuz uçuş aparatını məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yüksək dəqiqliyə malik uzaq mənzilli havadan atılan silahlarla Lvov vilayətində böyük yanacaq bazasını da məhv edib.
"RF Silahlı Qüvvələri Tor və S-125 hava hücumundan müdafiə sistemlərinin təmiri və modernləşdirilməsinin aparıldığı Lvov radio təmiri zavodunun sexlərini qanadlı raketlərlə məhv edib. Həmçinin, Rusiya Silahlı Qüvvələri Kiyev yaxınlığındakı Plesetskoye qəsəbəsində S-300 və “Buk” hava hücumundan müdafiə sistemləri üçün raket anbarını yüksək dəqiqlikli silahlarla məhv edib",-Rusiya MN sözçüsü vurğulayıb.
.
