“ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb”.

Bunu jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov liderlərin söhbətindən sonra bildirib.

Putinin köməkçisinin sözlərinə görə, Bayden, həmçinin, vurğulayıb ki, Rusiya və ABŞ həm Avropada, həm də dünyanın başqa yerlərində sülh və təhlükəsizliyin təmin edilməsi səylərində əsas rol oynaya bilər və oynamalıdır: “Bundan başqa, Bayden Putini əmin edib ki, Vaşinqton Ukraynada hücum xarakterli silahları yerləşdirmək niyyətində deyil. Prezident Bayden bunu açıq şəkildə bəyan etdi. Vladimir Putin qeyd edib ki, bununla bağlı daha da substantiv danışıqlar aparmaq istəyirik”.

Onun sözlərinə görə, ABŞ və Rusiya liderləri telefon danışığı zamanı təhlükəsizlik təminatlarından da danışıblar: “Bu söhbət bütünlüklə təhlükəsizlik təminatı məsələlərinə həsr olunub, ikitərəfli gündəliyin konkret məsələlərinə toxunulmayıb”.

Uşakov əlavə edib ki, Bayden Rusiyanın qaldırdığı məsələlərlə bağlı danışıqlar aparmaq üçün məsul nümayəndələr təyin etməyi təklif edib: “Bugünkü söhbət, sadəcə olaraq, eyni mövzunun davamı idi. Bayden yaxşı hazırlanmışdı və çox mənalı açıqlamalar verdi. Biz öz tərəfimizdən, həmçinin, qarşıdan gələn danışıqlara hansı əsas prinsiplərlə getdiyimizi müəyyən etdik”.

Co Bayden: “Rusiya Ukraynaya təcavüz edərsə, Qərb qəti cavab verəcək”

“ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə telefon danışığında Rusiyanın Ukraynaya təcavüz edəcəyi təqdirdə Vaşinqton və müttəfiqlərinin qəti cavab verməyə hazır olduğunu açıqlayıb”.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psakinin yaydığı yazılı açıqlamada bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı prezident Bayden Rusiyanı Ukrayna ilə gərginliyi azaltmağa çağırıb: “Bayden açıq şəkildə bildirib ki, Rusiya gələcəkdə Ukraynanı işğal edərsə, Birləşmiş Ştatlar və onun müttəfiqləri, habelə tərəfdaşları qətiyyətli cavab verəcəklər”.

Açıqlamada daha sonra vurğulanıb ki, Bayden strateji sabitlik üzrə dialoq çərçivəsində, həmçinin, Rusiya-NATO Şurası və ATƏT vasitəsilə Rusiya Federasiyası ilə diplomatik təmasları dəstəklədiyini bildirib: “Eyni zamanda, Bayden nəzərəçarpacaq irəliləyişin yalnız gərginliyin azaldılması şəraitində mümkün hesab etdiyini deyib - Bu dialoqda nəzərəçarpacaq irəliləyiş yalnız eskalasiya deyil, deeskalasiya kontekstində baş verə bilər”.

Xatırladaq ki, liderlər arasında bu gün baş tutan söhbətin təşəbbüskarı Putin olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun jurnalistlərə verdiyi məlumata görə, söhbətin məqsədi liderlər arasında əvvəlki söhbətin gündəliyində olan məsələlərin, eləcə də 2022-ci ilin yanvarında keçiriləcək danışıqların müzakirəsini davam etdirməkdir.

.