Korrupsiyadan əldə edilən gəlirlər iqtisadi dövriyyədən çıxarılmalıdır.
Bunu Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə fəxri qonaq qismində iştirak edən Rusiyanın Baş prokuroru Aleksandr Qutsan deyib.
Baş prokuror Rusiyanın İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O qeyd edib ki, artıq bir sıra müvafiq qurumlarla əməkdaşlıq sazişləri və proqramları imzalanıb.
Rusiyanın Baş prokuroru, həmçinin, Moskvada Rusiya Federasiyası Baş Prokurorluğunun bazasında BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (UNODC) tərəfindən təşkil olunan müntəzəm təlim kurslarına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, təlimlər müvafiq Konvensiyanın icrasına nəzarət etməkdə maraqlı olan ölkələrin ekspertləri üçün nəzərdə tutulub.
“Gələn il proqramın ikinci mərhələsinə hazırlaşacağıq. Bu təlim kursları gələcəkdə də tələbat əsasında davam etdiriləcək. Ölkələrinizin nümayəndələrini dövlətimizin paytaxtı Moskvada görməkdən məmnun olarıq”, – Aleksandr Qutsan bildirib.
O, çıxışının sonunda əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb: “Biz səmimi və konstruktiv dialoqa açığıq, eləcə də bütün mümkün istiqamətlər üzrə birgə əməkdaşlığımızı davam etdirməyə hazırıq”.
.
