Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.

“Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək.

Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər keçirilir. Gizli səsvermə yolu ilə keçirilən seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir.

Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçiləcək. Hazırda Mərkəzi Seçki Komissiyasında seçkilərdə iştirak etmək üçün 14 siyasi partiya qeydiyyatdan keçib. Partiyalar ümumilikdə 3910 namizəd irəli sürüb. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin 5 və daha artıq səslərini toplamalıdırlar. Seçkilər sentyabrın 19-da Moskva vaxtı ilə saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin seçki öncəsi ölkə əhalisinə müraciət edib. Dövlət başçısı vətəndaşları seçkilərdə aktiv iştirak etməyə çağırıb: “Sizdən seçkilərdə iştirak etməyi xahiş edirəm. Bunun üçün sentyabrın 17-dən başlayaraq sizə uyğun olan günü seçib seçki məntəqəsinə gələ, ya da məsafədən elektron səsvermənin imkanlarından istifadə edə bilərsiniz. Müasir texnologiyalar seçkilərin təhlükəsizliyinə və etibarlılığına zəmanət verir”.

.