Rusiya Ukrayna Silahlı Qüvvələrinin öz ərazisindəki təxribatlarına Kiyevdəki obyektlərə yeni raket zərbələri ilə cavab verəcək.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Kiyevdəki hədəflərə endirilən raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində hər hansı terror xarakterli hücum və ya təxribat törətməsinə cavab olaraq artacaq”, - Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü qeyd edib ki, bu gecə “Kalibr” dəniz bazalı raket Ukrayna paytaxtının kənarında yerləşən Julyanskidəki "Vizar” hərbi zavodunu vurub: “Zərbə zenit-raket komplekslərinin istehsalı və təmiri sexlərini dağıdıb. Ümumilikdə, müxtəlif ərazilərdə 13 hərbi obyekt vurulub. Bundan başqa, Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemi Çerniqov yaxınlığında aprelin 14-də Bryansk vilayətinin Klimovo kəndində hücum həyata keçirən Mi-8 helikopterini vurub.

Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında da Su-27 qırıcısı vurulub”.

Rusiya MN: Xarkovda 30-a yaxın polşalı muzdlu öldürülüb

Ukraynanın Xarkov vilayətində Rusiya raket qoşunlarının endirdiyi zərbə nəticəsində Polşanın özəl hərbi şirkətinin muzdlu dəstəsi məhv edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

“Zərbə nəticəsində Xarkov vilayətinin İzyumskoye yaşayış məntəqəsində Polşanın özəl hərbi şirkətinin muzdlularından ibarət dəstə məhv edilib, 30-a yaxın polşalı muzdlu öldürülüb”, - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov onu da bildirib ki, ötən gecə ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 221 hərbi obyektini, o cümlədən 12 komanda məntəqəsini, 176 dayaq məntəqəsi və düşmənin canlı qüvvəsinin cəmləşdiyi ərazini vurub: “Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 132 təyyarə, 105 helikopter, 456 pilotsuz uçuş aparatı (PUA), 2213 tank və zirehli texnikası, həmçinin 249 reaktiv yaylım atəşi qurğusu, 966 ədəd səhra artilleriya silahı və minaatan qurğusu, həmçinin 2110 ədəd xüsusi təyinatlı hərbi maşınını məhv edib”.

.