
Rusiya Helsinki aktının prinsiplərinə və ATƏM/ATƏT çərçivəsində üzərinə götürdüyü siyasi öhdəliklərə tam sadiqdir və ATƏT-ə üzv olan bütün dövlətləri bu öhdəliklərə sadiq qalmağa çağırır.
TASS-ın verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
"Helsinki aktı böyük əhəmiyyətə malikdir və həmrəyliyin rəmzidir. O, müasir Avropanın həyatında böyük rol oynayıb və müasir beynəlxalq memarlığın əsaslarından biridir. Rusiya Helsinki dialoquna və ATƏM/ATƏT çərçivəsində bütün siyasi öhdəliklərinə sadiqdir və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətləri bu öhdəliklərin ruhuna sadiq qalmağa çağırırıq. Tarix göstərir ki, öhdəliklərin yerinə yetirilməsinə qarşı ikili standartlar və selektiv yanaşma, başqalarının hesabına və başqa dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri ilə öz təhlükəsizliyini möhkəmləndirmək kimi niyyətləri ümumavropa sabitliyinə ciddi risklər yaradır", - deyə Rusiya XİN-dən vurğulayıblar.
Nazirlikdən onu da bildiriblər ki, Rusiya ATƏT-in beynəlxalq məsələlərdə rolunun və nüfuzunun artırılmasına tərəfdardır: "Əminik ki, əsası 40 il əvvəl Avroatlantik dövlətlərin liderləri tərəfindən qoyulmuş bu təşkilat istənilən böhranlı halları aradan qaldırmağa imkan verəcək və qitənin bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlıq və vahid, bölünməz təhlükəsizlik məkanının formalaşmasına xidmət edəcək”.