Rusiya 2060-cı ilə qədər karbon neytrallığına çatmağı planlaşdırır.

Bunu COP29 çərçivəsində çıxışı zamanı Rusiyanın baş naziri Mixail Mişustin deyib.

"Biz enerji səmərəliliyinin artırılmasına, elektrik nəqliyyatının inkişafına və kənd-meşə təsərrüfatında müasir həllərin tətbiqinə diqqət yetiririk", - o bildirib.

Mişustinin sözlərinə görə, Rusiya gələcək nəsillərin rifahını təmin etmək məqsədilə qlobal iqlim dəyişikliyinə qarşı beynəlxalq ictimaiyyət tərəfindən həyata keçirilən tədbirlərdə fəal iştirak edir.

"Biz 1990-cı ildən bəri istixana qazı emissiyalarının səviyyəsinin yarıdan çoxunu azaltmağa nail olmuşuq. Rusiyada enerji balansının 85 faizi artıq təmiz, aşağı qiymətli istehsaldan əldə edilir. Ancaq bu, ilk növbədə bərpa olunan mənbələrdən əldə edilən qaz və nüvə enerjisidir. Biz sənayeləri karbonsuzlaşdırmaq üçün öz texnologiyalarımızı və istehsal gücümüzü genişləndiririk", - M.Mişustin qeyd edib.

O, ölkənin təbii imkanlardan da istifadə etdiyini vurğulayıb:

“Biz dünya meşə ehtiyatlarının beşdə birinə malikik və ildə 1 milyard tondan çox karbon qazı ekvivalentini uduruq".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

.