NATO-nun ilk daimi döyüş qrupu Fransanın komandanlığı altında Rumıniyada fəaliyyət göstərəcək.
Bu barədə bu gün NATO baş katibinin müavini Mirça Coana “Digi 24” telekanalına müsahibəsində bildirib:
“Gələn həftə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin çox mühüm görüşü baş tutacaq. Mən nikbinliklə gözləyirəm ki, biz Rumıniyada bu dəfə daimi olaraq Fransanın rəhbərlik etdiyi NATO döyüş qrupunun yaradılması ilə bağlı birgə qərar qəbul edə biləcəyik. Biz bir sıra digər müttəfiqlərin NATO-nun Rumıniyada daimi mövcudluğuna töhfə verəcəklərini gözləyirik”.
Coana izah edib ki, 2014-cü ildən sonra NATO-da dörd belə döyüş qrupu yaradılması barədə qərar olub. Üçü Baltikyanı ölkə və bir dənə Polşada. Polşaya amerikalılar, Estoniyaya ingilislər, Latviyaya kanadalılar, Litvaya isə Almaniya rəhbərlik edir. Və bu qruplara altıdan yeddiyə qədər NATO ölkəsinin hərbçiləri daxildir.
NATO baş katibinin müavini deyib ki, indi NATO Qara dəniz bölgəsində ilk dəfə olaraq Baltik dənizi səviyyəsində əlaqə yaradır:
“Qara dənizdə bizim döyüş qrupumuz olacaq. Onun ölçüsü Baltikyanı zonadakı qruplaşmalarla müqayisə edilə bilər. Ola bilsin ki, Qara dəniz zonasından və ya Mərkəzi Avropadan olan digər dövlətlər də belə döyüş qruplarına müraciət etsinlər. Rumıniya bu gün maraq ifadə edən yeganə ölkədir və yəqin ki, gələn həftə qruplaşma fəaliyyətə başlayacaq”.
.
