İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.
İkigünlük səfər çərçivəsində İran və Azərbaycan prezidentləri arasında təkbətək və geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir.
Səfər çərçivəsində İran nümayəndə heyəti Neftçalada maşınqayırma zavodunun açılışında iştirak edəcək.
.
