
Keçən həftə Türkiyədə postsovet məkanından olan "qanuni oğru”ların irimiqyaslı "sxodka”sı olub.
ANS PRESS-in Rusiya kriminal saytlarına istinadən məlumatına görə, əsasən Moskvada fəaliyyət göstərən "Ded Xasan" qruplaşmasının düşməni olan "qanuni oğru”ların toplaşdığı "sxodka”ya rəhbərliyi azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski edib.
"Sxodka”da "Ded Xasan" qruplaşmasına yaxın olan 4 belarus "qanuni oğru”nun - Mumu, Paştet, Medveconok və Lebedin adı əlindən alınıb. Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü səbəb göstərilib ki, oğru qanunlarına görə bunlar yolverilməzdir.
Türkiyədə qəbul edilmiş qərar "Ded Xasan"ın varisi Şakronun son addımlarına cavab kimi dəyərləndirilir. Şakro 15-ə yaxın qanuni oğrunun, o cümlədən Belarusdakı rəhbər Saşa Kuşnerin adının alındığını qeyd edib. "Sxodka"da çeçen "qanuni oğru" Əhməd Şalinskinin də ünvanına iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək "Ded Xasan" tərəfdarlarına üz tutub və "qanuni oğru" adını onlardan alıb.
Rövşən bildirib ki, bu cür davranış "qanuni oğru"ya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır.