Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu rəsmi oyunlarda karyerasının 850-ci qolunu vurub.

Hücumçu yubiley topunu “Əl-Həzm”lə səfər oyununda vurub. Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatında beşinci turun görüşü 1:5 hesabı ilə başa çatıb.

Portuqaliyalı rəsmi oyunlarda vurulan qolların sayına görə rekordçudur. Siyahıda ikinci yeri Amerikanın “İnter Mayami” klubunda çıxış edən argentinalı hücumçu Lionel Messi (818) tutur.

Ronaldunun 38 yaşı var, o, beşqat “Qızıl top”un və beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, klublararası dünya çempionatları tarixinin bombardiridir. İspaniyanın “Real Madrid” komandasının heyətində 450 qol vuran futbolçu klubun rekordçusudur. Futbolçu həmçinin İngiltərənin “Mançester Yunayted” (145 qol), İtaliyanın “Yuventus” (101), Portuqaliyanın “Sportinq” (5) klublarında çıxış edib. Portuqaliya millisinin heyətində hücumçu 123 dəfə fərqlənib.

Ronaldu 2022-ci ilin dekabrından “Ən-Nəsr”də çıxış edir. O, artıq komandanın heyətində 26 qol vurub və klub tarixində səkkizinci bombardirdir. Bu göstəricidə səudiyyəli hücumçu Məhəmməd əl-Səhlavi (125) liderdir.

.