Rusiyanın "Komsomolskaya Pravda” qəzeti maraqlı araşdırma yazısı dərc edib.
Qəzet məqalədə Ukraynanın şərqində hərbi əməliyyatların davam etdiyi bir vaxtda məmur övladlarının güllə səslərindən uzaqda öz keflərini sürmələrinə diqqəti çəkib. Həmin məqaləni təqdim edirik:

Serial və kliplərə çəkilən prezident qızları

Dörd övlad sahibi olan Ukrayna prezidenti Pyotr Poroşenkonun qızları Aleksandra və Evgeniya rəqs və musiqi ilə məşğul olur, seriallara, kliplərə çəkilirlər. Poroşenkonun ən kiçik övladı Mixail Britaniyada təhsil almağa hazırlaşır.
Londonda təhsil alan böyük oğul Aleksey isə hərbi xidmətdə olmayıb. Bir müddət Şanxaydakı konsulluqda xidmət edən Aleksey hazırda atasının şokolad şirkətində işləyir.

Təvazökar Baş nazir

Ukrayna Baş naziri isə olduqca təvazökardır. Arseni Yaçenyukun iki qızı var. Maydan başçısının qızları Kristina və Sofiya hazırda təhsillərini Kiyevdə alırlar.
Fortepiano və rəqslə məşğul olur, üzməyi öyrənirlər. Baş nazirin qızlarının mühafizəçiləri yoxdur.

Spikerin Roman yazan oğlu

Ali Radanın sədri Aleksandr Turçinovun Kiril adında 21 yaşlı oğlu var. Ona hərbi komissarlıqdan xidmət keçməsi ilə bağlı hələ də çağırış gəlməyib.
O, hazırda Kiyevdə Əmək, sosial münasibətlər və turizm akademiyasında təhsilini davam etdirir. Turçinovun oğlu supergüc qazanan gənclərdən bəhs edən fantastik janrda roman yazır.

Şərab vannasında çimən Milli Bank sədrinin oğlu

Ukrayna Milli Bankının yeni rəhbəri Valeriya Qontarevanın oğulları Anton və Nikita öz kef məclislərindən geri qalmırlar. Böyük oğul Anton fəal səyahətlər edir, bahalı restoranlarda çəkdirdiyi şəkillərini sosial şəbəkələrdə paylaşır.
Bunlardan biri də Yaponiyada şərab dolu hovuzda çəkdirdiyi şəkildir. Kiçik oğul Nikita isə hazırda təhsilini Kembric universitetində davam etdirir.

Müharibəni sosial şəbəkədə aparır

Daxili İşlər naziri Arsen Avakovun oğlu Aleksandr da sosial şəbəkələrin fəal istifadəçisidir. Aleksandr ölkənin şərqində davam edən müharibəni yalnız sosial şəbəkədə aparır, davamlı olaraq baş verən hadisələrlə bağlı paylaşımlar edir.
Daxili İşlər nazirinin oğlu Aleksandr Avakov özəl şirkətlərdən birinə rəhbərlik edir.
.