Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmə qarşısında təkrar iddia qaldırıb.

Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Datalex” məhkəmə məlumat portalında bildirilib.

İddiada R.Koçaryan Simonyandan teleqram kanalında dərc etdiyi ifadələrə görə ictimai üzr və təkzib tələb edir.

Keçmiş prezidentin iddiasına görə, yerləşdirilən məlumat yalan və əsassız xarakter daşıyır, onun şərəf, ləyaqət və nüfuzuna zərər vurur. O, Simonyanın həm teleqramda, həm də feysbuk hesabında üzr və təkzib yerləşdirməsində israr edir. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:

"Daha əvvəl mənim tərəfimdən keçmiş prezident Robert Koçaryana qarşı təhqiramiz ifadələr səsləndirilib ki, bununla da mən onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdürdüm. Mən bundan təəssüf edirəm və üzr istəyirəm".

Xatırladaq ki, R.Koçaryan iyunun 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Samonyanı məhkəməyə verib. Onlardan ictimai üzr və mənəvi zərərə görə kompensasiya tələb edib. O, Paşinyandan 6 milyon dram (təxminən 15 min dollar), Simonyanadan isə 9 milyon dram (təxminən 23 min dollar) ödəməsini tələb edir.

.