Virtualaz.org Bakıda idmançı cüssəli mühafizəçilərin supermarketə basqın edərək işçiləri döyüb çıxarmasına dair kadrlarla bağlı "Riyad” mühafizə şirkətinə zəng vurub. Şirkətin özünü "Səməd müəllim” kimi təqdim edən qərargah rəisi əvvəlcə yayılan kadrlardan xəbərsiz olduğunu deyib: "Hansı sayt yazıb? Bəs deyirlər YouTube-də yayılıb?”. Şirkət nümayəndəsinə videokadrların məzmunu barədə xatırladanda isə o, "məsələni araşdırıb daha sonra cavab verəcəyini” bildirdi. Ancaq bir qədər sonra təkrar zəng vuranda onun "yerində olmadığını, iş dalınca getdiyini” dedilər.
Qeyd edək ki, özəl mühafizə şirkətlərinin fəaliyyəti qanunla tənzimlənir və belə şirkətlərin mühafizəçiləri heç bir halda mülki mübahisələrin çözülməsində iştirak edə bilməzlər. Onlar ancaq mühafizə etdikləri obyektin ərazisinə icazəsiz daxil olub-olmayanlara nəzarət edə, bir sözlə mühafizə elədikləri əraziyə cavabdeh ola bilərlər. Özəl mühafizə şirkətlərinin işçilərinə vətəndaşlara zor tətbiq etmək səlahiyyətini isə heç bir qanun verməyib. Belə səlahiyyət ancaq polisdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarındadır ki, qanuna tabe olmayanlara qarşı ən zəruri hallarda tətbiq edilə bilər.
İndiki halda həmin supermarketin yeni və köhnə sahibləri arasındakı mübahisədə kimin haqlı olduğu müəyyən olmasa da "Riyad” MMC-nin mühafizəçilərinin obyektə basqın edib işçilərə kütləvi xəsarət yetirməsi açıq-aşkar qanun pozuntusudur. Belə hadisələr uzaq 90-cı illərə xas idi...
.
