Azərbaycanla ABŞ arasında münasibətlər çox vacib və güclüdür, lakin problemlərsiz də deyil. Bu barədə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar ötən gün Vaşinqtonda "Azərbaycan: gələcəyə baxış” adlı konfransda bildirib.
"Mən bu münasibətlərin niyə əhəmiyyətli olmasına, demokratiya məsələsinin nədən prinsipial olmasına aydınlıq gətirəcəm. Ukrayna hadisələri belə münasibətlərin vacibliyini göstərir. Azərbaycan və ABŞ öz münasibətlərini möhkəmləndirmək üçün çox çalışıblar. Bu gün Azərbaycanın suverenliyini və müstəqilliyi barədə ABŞ və Avropadan başqa kim çox danışır?
Ukraynadakı vəziyyət Dağlıq Qarabağ probleminin həllinin vacibliyini göstərir.
Ermənistan və Azərbaycan prezidentləri münaqişəni nizamlamaq üçün konkret addımlar atmalıdır. Problemin həlli Rusiyanın tam əməkdaşlığı olmadan çox çətindir.
Biz Azərbaycan və Ermənistan xalqları arasında inam tədbirlərinin gücləndirilməsi, dialoqun qurulması üzrə səyləri dəstəkləyirik. Bu, iki ölkənin sülhə hazırlanmasına yardım edəcək.
Biz ötən həftə tanınmış jurnalist Rauf Mirqədirovun həbs olunmasından, Leyla Yunus və Arif Yunusla bağlı istintaqın başlanmasından narahatıq. Onların hər üçü dialoqun qurulması və inam tədbirlərinin yaradılması üzrə prosesin fəal iştirakçılarıdır.
Azərbaycan hakimiyyətinin hərəkətləri azərbaycanlılarla ermənilər arasındakı istənilən əlaqələrə mənfi təsir göstərə bilər ki, bu da yalnışdır”, - səfir vurğulayıb.
.
