Rəsul Quliyev: "AXCP və Müsavatın mənə 52 min dollar borcları var”

ADP sədri Sərdar Cəlaloğlu bəyan edib ki, vaxtilə bu partiyanın sədri olmuş Rəsul Quliyevin Əli Kərimli və İsa Qəmbərə 8 min dollar borcu qalıb. Belə ki, 2005-ci ilin parlament seçkiləri zamanı "Azadliq” blokunda birləşən AXCP, Müsavat və ADP-nin xaricdən təşviqat avtobusu gətirmək ideyası olub. Bu işin həyata keçirilməsi üçün hər partiya 8 min dollar ödəməli imiş. Lakin Rəsul Quliyev "siz ödəyin, mən sonra verərəm” dediyindən ADP-nin payına düşən hissəni də AXCP və Müsavat ödəyiblər. Lakin sonradan R.Quliyev həmin pulu verməkdən imtina edib.

R.Quliyev bu gün həmin iddiaya cavab verib. AzPolitika.info R.Quliyevin maraqlı iddia və məlumatlarla zəngin cavabını təqdim edir: "Mənim Müsavat və Xalq Cəbhəsinə olan ”borcum” ətrafında söz-söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur. Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu ”borc ” məsələsinin ortaya çıxması məni yenidən keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada verliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri o TV vasitəsi ilə "intervyu”lar verirdilər. Və Türk dostum aqitasiya üçün maşın hazırlamaq (yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və sairə) və 1 ay Azərbaycanda seçkiqabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki proyektin maliyyəsi dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV,35 min maşın üçün. Xərc 3 yerə bölünməli idi. Yəni AXCP, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idilər. Təəssüf ki, AXCP və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazağa yaxın Gürcüstan ərazisində o maşını yandırtdı.

Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm "Yeni Müsavat və "Azadlıq” qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər.”

AXCP Rəsul Quliyevin min dollar iddiasına sərt cavab verdi

AXCP mətbuat katibi Natiq Ədilov: "Rəsul Quliyev müxalifət daxilində fitnə fəsad yaradacaq fəaliyyətindən pəhriz saxlamalıdır”
Xəbər verdiyimiz kimi, eks-spiker Rəsul Quliyevlə müxalifət partiyalarına qarşı pul iddiası ilə çıxış edib. Rəsul Quliyev son müsahibələrindən birində ona çoxlu sayda insanların maddi və mənəvi borcunun olduğunu bəyan edib.

Heç kimə heç vaxt nə mənəvi, nə də maddi borcunun olmadığını deyən R. Quliyev əksinə, minlərlə insanın ona borcunun olduğunu iddia edib. Daha sonra məsələ böyüyüb və R. Quliyevlə keçmiş partiyadaşı, ADP sədri Sərdar Cəlaloğlu arasında qarşılıqlı ittihamlar ortaya çıxıb. R.Quliyev Sərdar Cəlaloğlunu nankorluqda ittiham edib. Sitat: "Mən həyatım boyu müxtəlif keyfiyyətli minlərlə adamlarla ünsiyyətdə olmuşam. Onların içərisində ən zəhləm gedənlər çörəkləri dizinin üstündə olanlardır. 100-lərlə tələbələr oxutdurmuşam. Hətta rus dilini bilməyən, ümumiyyətlə savadı olmayan kimlərinsə Sankt Peterburqda universiteti qurtarmasına köməkliklər etmişəm. Onların 90 faizinin valideynləri və özləri vaxtilə qeyri-mümkünlük şəraitində etdiyim bu köməklikləri ya unudublar ya da bəziləri mənim əleyhimə hədyanlar danışıblar. Adətən belə adamlara cavab verməyi özümə layiq görmürəm və heç vaxt da onlara diqqət ayırmayacağam. Bu yazını yazmaqda məqsədim sizə tövsiyə verməkdir ki, çörəyi dizinin üstündə olanlara fikir verməyin, özünüzü elə aparın ki, guya belə bir məxluq yoxdur, onda bəlkə bu tipli adamların sayı azaldı.”

AzPolitika.info xatırladır ki, R.Quliyevin bu statusunda Sankt Peterburq şəhərinin adını çəkməsi təsadüfi deyil. 2000-ci illərin əvvəllərində S.Cəlaloğlunun oğlu bu şəhərdə təhsil alıb. Görünür, onun təhsil almasında R.Quliyevin maliyyə yardımının rolu olub ki, ona eyham vurur.

AzVision.az saytına açıqlama verən S.Cəlaloğlu isə Rəsul Quliyevin iddialarını yalanlayıb. "Rəsul Quliyevin mənim oğlumun xaricdə təhsil almağına heç bir maddi köməyi olmayıb. Sadəcə olaraq mən həbsdə olanda onun xahişi ilə maliyyə naziri Fikrət Yusifov oğluma maddi kömək edib. Ona təşəkkür etmək lazımdır” – deyə ADP sədri qeyd edib.

S.Cəlaloğlu deyib ki, əksinə o ziyan çəkib: "Mən 10 il Rəsul Quliyevlə əməkdaşlıq etmişəm. İki il onun hüquqları uğrunda həbsdə olmuşam. Onun yolunda mənim ailəm, uşaqlarım, qohumlarım repressiyaya məruz qalıb, qəzetimiz bağlanıb. O vaxt bizim qəzetimiz 35 min tirajla çıxırdı. Rəsul Quliyevin kitabını çap etdiyimizə görə hökumət qəzeti iflas etdirdi. Qəzetin ayda on min dollar gəliri var idi. Rəsul Quliyev isə söz vermişdi ki, qəzet nə qədər ziyan çəksə ödəyəcək, amma ödəmədi. O öz xərclərini sayır, ziyanları saymır. Onun bizə vurduğu zərbə ilə, bizim hesabımıza qazandığı pulla bizə xərclədiyi pul arasında 1-in 1000-ə nisbəti var. Mən istəmirəm belə çirkin söhbətlərə qarışım”.

Sərdar Cəlaloğlu: "...Rəsul çox xırda adamdır”

"Mən həbsxanada olanda ailəmə 10 min dollar yardım etmişdilər. Halbuki mənim həbsxanaya düşməyim mənim 15 min dollar xərc çəkməyimə səbəb olmuşdu. Əlavə olaraq da həbsxanada olduğum müddətdə yoldaşım məcbur olub bizim iki mərtəbəli həyət evimizi satmışdı ki, həbsxanada qalmağımın xərclərini ödəsin. Bu söhbətləri açmağı onu göstərir ki Rəsul çox xırda adamdır. Mən həbsdə olanda oğluma kömək edibsə, bu onun borcudur. Mənim heç bir öhdəliyim yox idi, mən ona görə həbsxanaya düşmüşdüm”.

Noyabrın 16-da Rəsul Quliyev "facebook”da status yazaraq bu dəfə AXCP və Müsavat Partiyasının ona borclu olduğunu iddia edib. R.Quliyev iddia edib ki, 2005-ci ildən hər iki partiya eks-spikerə 52 min dollar pul borclu qalıb: "Mənim Müsavat və Xalq Cəbhəsinə olan "borcum” ətrafında söz söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur. Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu "borc” məsələsinin ortaya çıxması məni yenidən o keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. M.Xəzərdə hər gün orada veriliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri o TV vasitəsi ilə intervyular verirdilər. Və türk dostum təşviqat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və sair ... 1 ay Azərbaycanda seçki qabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki proyektin maliyyəsi dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV, 35 min maşın. Xərc 3 yerə bölünməli idi. Yəni XC, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idilər. Təəssüf ki, XC və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar çox məmnun olardım. Çünki nə mənə, nə TV yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazaxa yaxın Gürcüstan ərazisində o maşını yandırtdı. Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm, bu borclarını xahiş edirəm "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər”.

R.Quliyevin bu iddiası ilə bağlı "Yeni Müsavat”a açıqlama verən AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov R.Quliyevin iddiasını "ədəbi fantaziya” adlandırdı: "Rəsul müəllimlə mən aradabir "facebook”da həmsöhbət oluram. Onda gözəl yazıçı potensialı görürəm. Son romanlarını incələyən şəxs kimi deyə bilərəm ki, onun bədii fantaziyası çox təqdir olunasıdır, fəsad ondadır ki bu fantaziya siyasətə sirayət edir və xoşagəlməz hal yaradır. Xalq Cəbhəsinin heç kimə borcu yoxdur, güman edirəm ki, Rəsul bəyin bizim kimi kasıb təşkilatdan pul təmənnasına düşməsi perspektiv söhbətdir. Mən Rəsul müəllimdən qarşıdakı siyasi üfüqlərlə bağlı yaradıcı, düşündürücü, qərəzdən uzaq təhlil və yazılar gözləyirəm. Hesab edirəm ki, o, heç bir kostruktivizmə uyğun gəlməyən, müxalifət daxilində fitnə fəsad yaradacaq fəaliyyətindən pəhriz saxlamalıdır”.

Mənbə: Yeni müsavat
.