Rəsul Quliyev müxalifət liderlərinin istefası şərtini irəli sürdü.
İsa Qəmbərin müşaviri isə eks-spikeri "siyasi mədəniyyətdən uzaq adam” adlandırdı.
Eks-spiker Rəsul Quliyev bundan sonra müxalifətlə əməkdaşlığının hansı şərtlərlə mümkün olduğunu açıqlayıb. Azvision.az-ın məlumatına görə, Rəsul Quliyev AXCP və Müsavatla əməkdaşlığa İsa Qəmbər və Əli Kərimlinin istefaya getməsindən sonra başlayacağını deyib.
R.Quliyev müxalif liderlər istefa verməyəcəyi təqdirdə onlarla yol getməyəcəyini bildirib: "AXCP və Müsavatla əməkdaşlıq, ancaq onların liderlərinin buraxdığı səhvləri boyunlarına alıb istefa verəndən sonra mümkün ola bilər. Bir sözlə, xalqın gələcəyi ilə heç bir əlaqəsi olmayan şüarlarla öz mövcudluğunu artırmaq istəyənlərlə yol getməyə son qoyuldu”.
R. Quliyevin müxalifət liderlərini istefaya çağırmasına Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli münasibət bildirdi. "Yeni Müsavat”a açıqlamasında M.Hacıbəyli qeyd etdi ki, özünü siyasətçi sayan kənar bir şəxsin başqa partiyaların daxili işlərinə bu şəkildə müdaxiləsi, kiminsə istefasını tələb etməsi siyasi mədəniyyətdən uzaqdır. Özünə hörmət eləyən siyasətçilər belə siyasi mədəniyyətsizliyə yol verməməlidirlər: "Müsavat Partiyası və AXCP ölkənin ən böyük müxalifət təşkilatlarıdır. Bu iki təşkilatla bərabərhüquqlu əməkdaşlıq eləməyə ancaq başqa bir sanballı partiya ola bilər, hansısa şəxs yox. Yəni bir şəxsin iki böyük partiya ilə əməkdaşlıq eləməsi və bir şəxsin iki nəhəng partiya ilə əməkdaşlığa hələ minnət də qoyması siyasi mədəniyyətsizliyin bir nümunəsidir. Bu iki partiya və onların yaratdığı koalisiyalar iştirak etdikləri seçkilərdə qalib gəliblər, seçicilərin əksəriyyətinin səsini qazanıblar. Ümumiyyətlə, ölkənin müxalifət düşərgəsində söz sahibi olan iki partiya bunlardır. Rəsul Quliyevin uzun müddətdir ABŞ-da yaşamasına baxmayaraq, siyasi mədəniyyətin əlifbasını belə öyrənməməsinə təəssüf edirəm”.
Əməkdaşlıq məsələsinə gəlincə, M.Hacıbəyli bəyan etdi ki, Müsavat Partiyası böyük partiyalarla əməkdaşlıq edə bilər, Rəsul Quliyevlə yox: "Rəsul Quliyev artıq Açıq Cəmiyyət Partiyasından da çıxıb və siyasətdə subyekt olaraq mövcud deyil. Siyasətdə subyekt kimi mövcud olmayan şəxslə partiyaların əməkdaşlıq eləməsi də gündəmdə yoxdur”.
.
