Noyabrın 3-də Bakının Səbayel Rayon Məhkəməsində Zaur Əliyevin sədrliyi ilə həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərovun "Bank Respublika" SC-yə qarşı iddiasına baxılması yekunlaşıb.
İddiaya səbəb, Rəsul Cəfərovun fikrincə, hələ hesablarının dondurulması haqqında rəsmi məhkəmə qərarı qəbul edilməzdən əvvəl bankın onun kartını dondurması olub. Belə ki, 2013-cü il iyulun 6-da Kiyevdə xidməti ezamiyyətdə olan Cəfərov oteldə ödəniş etmək üçün bank kartından istifadə edə bilməyib. Hesabların dondurulması haqqında məhkəmə qərarı isə ayın 7-də qəbul edilib.
R.Cəfərov hesab edir ki, bank onun qarşısında müştəriyə xidmət öhdəliklərini yerinə yetirməyib, ona mənəvi və maddi ziyan vurub. Cəfərov cavabdehdən maddi ziyana görə 100 manat və mənəvi ziyana görə 10 min manat təzminat tələb edib.
Lakin məhkəmə cavabdehin xeyrinə qərar çıxarıb, iddianı təmin etməyib. R.Cəfərov apelyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.
Oktyabrın 23-də məhkəmə R.Cəfərovun həbs müdətini 3 ay uzadıb. ("Turan")
.