Niderlandın Kralı Villem-Aleksandrdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bütün türk-müsəlman aləmində milli azadlıq düşüncəsinin və dövlətçilik ideyalarının formalaşmasında müstəsna rol oynamışdır.

Müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, qardaş Azərbaycan xalqı illər boyu davam edən ədalətsizliyə Sizin öndərliyinizlə son qoyaraq möhtəşəm Zəfər qazanmaqla, Respublika Gününü daha fərqli hisslərlə və böyük sevinclə qeyd edir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".

***

Kuba Prezidenti Migel Dias-Kanel Bermudesdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Eyni zamanda, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini davam etdirmək istəyimi Sizə bir daha ifadə edirəm.

Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

.