Son illərdə baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda çevik qərarların qəbulu, onların izahı və mövcud vəziyyətin qiymətləndirilməsi üçün etibarlı statistikanın təşkili zərurəti daha da artıb.

Bunu Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O qeyd edib ki, informasiya texnologiyalarının sürətli inkişafı, alternativ və qeyri-ənənəvi məlumat mənbələrinin yaranması isə statistik proseslərin fasiləsiz modernləşdirilməsini, güclü potensiala malik kadrların formalaşdırılmasını tələb edir:

“Milli və qlobal çağırışlara layiq cavab verməyi özünün əsas hədəfi hesab edən Azərbaycan milli statistika sistemi də son illər ərzində daim tərəqqiyə can atıb, ciddi islahatlar yolu ilə yeni tələblərə uyğun inkişaf edib.

Azərbaycan milli statistika sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılmasına başlanıb, sonrakı illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan verib. Dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş altı dövlət proqramı uğurla icra olunub.

Bu proqramlar çərçivəsində milli təsnifatların, müasir metodologiyaların hazırlanması və tətbiqi, milli hesablar sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması, istifadəçilərin məlumat tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, sahibkarların statistik hesabat yükünün azaldılması, rəsmi statistika istehsalı proseslərinin səmərələşdirilməsi, keyfiyyətin idarə olunması sisteminin tətbiqi, meta-məlumatların işlənilməsi və statistika orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb”.

T.Budaqov qeyd edib ki, nəticədə beynəlxalq təşkilatlar tərəfindən aparılmış qlobal qiymətləndirmələrdə Azərbaycan milli statistika sistemində həyata keçirilmiş islahatlar yüksək dəyərləndirilib, onun beynəlxalq standartlara uyğunluğu təsdiqlənib:

“Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının hazırlanması və yayılması sayəsində nüfuzlu beynəlxalq audit şirkətləri tərəfindən ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı alıb. Komitə bu sertifikata layiq görülən ölkəmizin ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu nailiyyəti əldə edən ilk statistika qurumudur.

Hazırda 2026–2030-cu illərdə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır. Bu proqramda milli statistika sisteminin qarşısında duran yeni hədəflər müəyyənləşdirilmişdir”.

O qeyd edib ki, əsas prioritetlər beynəlxalq təcrübədən bəhrələnərək milli potensialın gücləndirilməsi, qabaqcıl milli təcrübə əsasında beynəlxalq metodoloji bazanın təkmilləşdirilməsinə töhfə verilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə statistik innovasiyaların tətbiqinə dair təcrübə mübadiləsidir:

“Bu məqsədlə Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilatlarla və xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlıq edir.

Xüsusilə, Koreya Respublikasının Statistika Komitəsi ilə əməkdaşlığı qeyd etmək istərdim. 2018–2022-ci illərdə bu qurumla beş layihə icra olunub, həmin layihələr çərçivəsində Azərbaycan statistika informasiya xidməti – ASIS, elektron məlumatların yayım sistemi, inzibati məlumatların idarə olunması sistemi, elektron təlim portalları istifadəyə verilib”.

.