
Rusiya tərəfi Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsi üçün heç bir variantı nəzərdən keçirmir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərə səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu barədə heç kim Moskvadan soruşmayıb və Qərb nümayəndələrinin bu məsələ ilə bağlı bəyanatları münaqişəni qızışdırmağa yönəlib.
“Biz heç bir variantı nəzərdən keçirə bilmərik. Fransa prezidenti Emmanuel Makronun Ukraynaya avropalı sülhməramlıların yerləşdirilməsi haqqında nə dediyini bilmirəm, o, Vaşinqtonda öz rolunu o qədər də inandırıcı şəkildə oynamayıb, lakin ABŞ prezidenti Donald Tramp mətbuat konfransında bu mövzu qaldırılarkən, oxuduğum qədər, sülhməramlı qüvvələrin yerləşdirilməsi qərarının yalnız bizim tərəfimizdən, həm də Ukraynadan asılı olduğunu deyib. Bu barədə bizdən heç nə soruşulmayıb. Avropalıların, ilk növbədə Fransanın, həmçinin Britaniyanın tətbiq etdiyi yanaşma yenə də münaqişəni daha da qızışdırmağa və onu sakitləşdirmək cəhdlərini dayandırmağa yönəlib”, - deyə Lavrov vurğulayıb.
Rusiya XİN başçısı xatırladıb ki, Makronun yanaşması dərhal atəşkəs və sülhməramlı qüvvələrin yeridilməsi, daha sonra ərazilər, insanların taleyi və digər nizamlanma prinsipləri ilə bağlı müzakirələrin aparılmasını nəzərdə tutur. "Bu, hiylədir. Tək bir məqsədə çatmağa yönəlmiş razılaşmaya-Ukraynanı yenidən silahlandırmağa getmək olmaz", deyə Lavrov yekunlaşdırıb.