Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Fransanın Burq-Le-Valans şəhərinin meri Marlen Muryenin işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və Şuşa şəhəri ilə Burq-Le-Valans arasında "dostluq haqqında bəyanat”ın imzalamasını şərh edib.
"Media forum” saytının məlumatına görə, Hikmət Hacıyev qeyd edib ki, Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş ərazilərə səfəri qeyri-qanunidir və onun bu əməli "Dövlət sərhədi haqqında” qanunun pozulmasıdır: "Burq-Le-Valans merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə ziddir. Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq- Le-Valans merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır.
Bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq "dostluq haqqında bəyanat”ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir.
Marlen Murye qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq-Le-Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir.
Ermənistan isə ənənələrinə sadiq qalaraq bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır”.
.