“Gələn ilin yayına doğru artıq vaksinasiyadan 1 illik müddət keçdikdən sonra biz daha təhlükəsiz, qorxusuz yaşaya biləcəyik”. 

Bunu Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Sədr müavini bildirib ki, son günlərdə yoluxmanın yenidən artmasının ən başlıca səbəbi koronavirusun özünün xüsusiyyətləri ilə bağlıdır: “Bildiyiniz kimi, tez-tez mutasiyaya məruz qalan bu virus zaman içərisində daha da aqressivləşmə yolunu seçir. Digər tərəfdən havaların qeyri-stabil keçməsi, fərqli günlərdə isti və soyuq havaların sürətli dəyişməsi də virotik xəstəliklərin yayılması üçün zəmin yaradır. Bu iki amil hazırda ən real səbəblər kimi görünür. Bu gün də ölkəmizdə mənfi tendensiyanın olması hamımızı narahat edir. Gündəlik yoluxma sayını nəzarətdə saxlamaq üçün əsas məsələ hər bir cəmiyyət üzvünün hadisəyə qarşı olan reaksiyasıdır. Ən başda karantin rejiminin bizə diqtə etdiyi 3 əsas məsələyə riayət etməliyik. Eləcə də ictimai yerlərdə çox sıx təmasların azaldılmasına nail olmalıyıq”.

R. Mahmudov bildirib ki, virusa yoluxmanın immun sisteminin gücü və ya zəifliyi ilə əlaqəsi yoxdur: “Virusa yoluxma virusun özünün yoluxdurma xüsusiyyəti və yoluxdurmanın sürəti ilə əlaqəli hadisədir. Ona görə də virus öz xüsusiyyətlərini dəyişdirmədiyi, insana vermiş olduğu zərər, eləcə də yoluxmanın sürəti olan mutasiyalar mülayimləşmədiyi müddət ərzində bu təhlükə davam edəcək”.

Sədr müavini pandemiyanın daha nə qədər davam edəcəyi ilə bağlı suala da aydınlıq gətirib: “Bunu demək çətindir. Əlbəttə ki, hər bir şeyin başlanğıcı olduğu kimi, sonu da olacaq. Hazırda bu suala iki amilə görə cavab verə bilərik. Birincisi, vaksinasiya ən sürətli şəkildə getsə, 1 il içərisində bütün dünya əhalisinin vaksinasiya olunması ehtimalı var. İkincisi, vaksinasiya olunan insanlara vaksin olunandan bir il sonra virusun təsirinin necə olması aydınlaşmalıdır. Yəni virusun mutasiyalarına bu vaksinlərin təsir edib-etməyəcəyi sualına cavab tapılmalıdır. Bu sualların konkret cavabı olmadığı üçün pandemiyanın nə qədər davam etməsinin konkret cavabı olmayacaq. Amma əvvəlki ilə nisbətən bu gün daha səngimiş reazllıqla üz-üzəyik. Düşünürəm ki, gələn ilin yayına doğru artıq vaksinasiyadan 1 illik müddət keçdikdən sonra biz daha təhlükəsiz, daha qorxusuz yaşaya biləcəyik”.

Rəşad Mahmudov: "TƏBİB və SN vaksinasiya sayını indiki rəqəmin 3-4 mislinə çatdırmalıdır"

“TƏBİB və Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri günlük vaksinasiya sayını sürətli şəkildə artıraraq, bugünkü rəqəmin 3-4 mislinə çatdırmaqdır”. 

Bunu  Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

Sədr müavini bildirib ki, Azərbaycan vaksinasiya prosesinə ilk başlayan ölkələrdən biridir: "Cəmiyyətin hər bir üzvü fərqindədir ki, bu vaksinlə əlaqədar yan təsirlər, ən əsası həyati təhlükələrdən söhbət gedə bilməz.  TƏBİB və Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərdən biri günlük vaksinasiya sayını sürətli şəkildə artıraraq, bugünkü rəqəmin 3-4 mislinə çatdırmaqdır. Bununla biz daha sürətli şəkildə, 1 il müddətində bütün cəmiyyətin demək olar 70-80 %-nin vaksinasiyadan keçməsinə nail ola biləcəyik”.

R. Mahmudov ölkəyə vaksinin növbəti dozasının gətirilməsində problemlər yaşana biləcəyini istisna etməyib: "Bu gün dünyada vaksinlərin ədalətsiz paylanması davam edir. Bu təhlükə əlbəttə ki, bizim üçün də var. Amma Azərbaycan hökuməti hər kəsin vaksinə əlçatanlığı olmadığı zaman bunu təmin etmişdisə, sonrakı mərhələlərdə də digər tədarüklərin olunmasında lazımi addımlar atacaq”.

R. Mahmudov qeyd edib ki, COVAX platforması çərçivəsində Azərbaycana ayrılan payın ilk mərhələdə verilməməsi problemi sadəcə Azərbaycana aid problem deyil: “Bizim qonşu ölkələrdə, Gürcüstanda da eyni sıxıntılar yaşandı. Əfsuslar olsun ki, dünya sistemində ədalətdən danışan böyük təşkilatların, dünya divlərinin real problemlər qarşısında ədalətsiz davranışını görürük. Bu da onlardan biridir. Azərbaycan cəmiyyətinin sağlamlığının qorunması naminə vaksinlərin ölkəyə tədarük olunması üçün əlimizdən gələni edirik və edəcəyik".

Rəşad Mahmudov "AstraZeneca" peyvəndinin ölkəyə çatdırılmasında olan gecikmələrə də münasibət bildirib: “Həmin peyvəndin distributoru olan Rusiyada da eyni problemlər yaşanır. Bunların təməlində dünya ölkələri arasında ədalətsiz münasibət durur. Bu günlərdə bu, daha çox hiss olunur. Vaksin problemi olmasaydı belə, biz Vətən Müharibəsində də dünyanın ən aparıcı dövlətlərinin, üzdə olan liderlərinin BMT qətnamələrini bir kənara qoyaraq, öz şəxsi maraqları çərçivəsindən ortaya qoyduqları münasibəti gördük. Ona görə real dünyanın bizə diqtə etdiyi həqiqətlər əsasında bizlər də öz həyatımızı və gələcəyimizi qurmaq məcburiyyətindəyik”.

Rəşad Mahmudov: "İnsanlar arasında ünsiyyətin artması infeksiyanın da çoxalmasına zəmin yaradır"

“Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqədə olan, dünyanın aparıcı institutlarının verdiyi raportlar da göstərir ki, hazırda sərt karantin rejimi ölkələrdə bu virusun nəzarət altına alınmasında birmənalı olaraq faydalı görünmür”.

Bunu Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov deyib.

R. Mahmudov bildirib ki, sadəcə Azərbaycan üçün deyil, bütün dünya ölkələrində, eləcə də Avropanın hazırda inkişaf etmiş ölkələrində belə rəqəmlər, risklər qarşısında məhdudlaşdırıcı tədbirlər hələ də davam edir: "Həkim-ekspert kimi onu deyə bilərəm ki, ciddi, ağır karantin rejimlərinin bu işin gedişatına çox da təsir etmədiyi görünür. Dünya ekspertləri tərəfindən də bu həqiqət ortaya qoyulur. Hadisəyə daha çox təsir edən virusun özünün bioloji xüsusiyyətləri, davranışıdır. Bu, sadəcə COVİD-19-la deyil, bütün yayılan xəstəliklərlə əlaqəlidir. Eyni zamanda insanların özlərinin şəxsi gigiyenik qoruyucu metodlardan istifadəsi ilə bağlıdır. Bu qərarlar veriləndə tək bir faktor deyil, çoxlu faktorlar nəzərə alınaraq addımlar atılır. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələri nəzərə alınır. Dünya tibbi də, təcrübəmiz də onu göstərdi ki, bundan sonra hər bir ölkənin sərt karantin rejimlərinə getmədən, var olan vəziyyət və real parametrlərə görə, lokal qapanmalara getmələri tövsiyə olunur. Bu da COVİD-19-un yarada biləcəyi digər problemləri nəzarət altına saxlaya bilmək üçün olan addımlardır”.

R. Mahmudov Novruz bayramı ərəfəsində Operativ Qərargahın yenə də qapanmaya gedəcəyi ilə bağlı deyilənlərə də münasibət bildirib: “Bir həqiqəti qəbul etməliyik ki, insanlar arasında ünsiyyətin artdığı hər bir hadisə istənilən infeksiyanın artması üçün zəmin yaradır. Əfsuslar olsun ki, elə hadisələr də bayram dönəmlərinə tuş gəldiyinə görə elə görüntü yaranır ki, dövlət bayramlarda insanların bir-biri ilə görüşməsinə əngəl yaratmaq istəyir. Bu, reallıqda belə deyil. Biz əvvəllər 400-500 yoluxma olanda küçəyə belə çıxa bilmirdik, Bakıda ölü şəhər görüntüsü var idi. Ona baxmayaraq, indi artıq Azərbaycan səhiyyəsinin dözümlü olduğunu göstərən rəqəmlərlə üz-üzəyik. Ona görə düşünürəm ki, qərar vermə anında olan amillər fərqli olduğuna görə o qədər də sərt karantin rejimlərinə gedilməyəcək. Hökumət, eləcə də Operativ Qərargah bunun psixoloji təsirlərini nəzərə alaraq qərarlar verməlidir. O dönəmdə sərt karantin rejimi vaxt qazanmaq üçün atılan addım idi. Çünki çox ölkələrin səhiyyəsi bu virusa hazır deyildi. Hazırda bu, üstünlük verilən metod olmalı deyil”.

( APA)

.