
Ramazan ayının son 10 günü ilə bağlı ölkə məscidlərinə dindarların axını güclənib.
Bunun səbəbi "Quran-i-Kərim”in Ramazan ayının son 10 günlüyündəki tək günlərdən birində yer üzünə endirilməsidir. Bu məqsədlə müsəlmanlar Ramazan ayının 19, 21, 23, 25 və 27-ci günlərini məscidlərə daha kütləvi şəkildə toplaşır, səhərə qədər oyaq qalır, həmin gecələrin əməllərini yerinə yetirirlər.
Bu gecələrin özəl olması "Quran-i-Kərim”in "Qədr” surəsində bəyan edilir. "Quran-i-Kərim”in "Qədr” surəsində qədr gecəsi "min aydan daha xeyirli” adlandırılır, dan üzü (sübh namazına qədər olan vaxt) sökülənə qədər yer üzünün əmin-amanlıqda olacağı vəd edilir.
Bu gecədə Quranın ayələri oxunur, bu gecə "Qədr” surəsinin oxunmasına daha çox üstünlük verilir. Mərasimə toplaşan dindarlar "Quran-i-Kərim”ı bütünlükdə və ya ayrı-ayrı ayələr və ya surələr olaraq başları üzərində açıq tutaraq kütləvi dualarında yer üzünə xeyir-bərəkət, yer üzünü şər, fitnə və fəsaddan hifz etmək, Allah yolunda imanlarının sabit-qədəm olmaları, qazanclarının bərəkətinin artması, yoxsulluqdan, xəstəliklərdən şəfa tapmaları ilə bağlı dualar edirlər.
Bu mərasim sübh namazına qədər davam edir.
Adı çəkilən mərasimlər Bakının "Fatimeyi-Zəhra”, "Məşədi Dadaş”, "Bibiheybət” və s. məscidlərində daha kütləvi şəkildə qeyd olunur.
.