Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş deyil, ölkəmizdə xəstəliyin yayılması sürəti yüksəkdir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün 338 nəfərdə COVİD-19-a yeni yoluxma faktı aşkar edilib. İndiyədək 139 nəfər dünyasını dəyişib, virusa yoluxmuş 6192 nəfər xəstə sağalıb, hazırda 4998 aktiv xəstə var.

TƏBİB: Ölkədə koronavirus xəstələrinin sağalma müddəti uzanır

Artıq ölkədə koronavirus xəstələrinin sağalma vaxtı uzanaraq, 12-14 günədək çəkir.

Bunu da Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

TƏBİB sədri bildirib ki, bununla əlaqədar yeni yoluxanların və sağalanların sayında fərq yaranır, xəstəxanada uzun müddət qalanların sayı çox olur.

R.Bayramlı əlavə edib ki, adətən, xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya şöbəsi üçün nəzərdə tutulur: “Xəstələrin böyük əksəriyyətinin oksigenə ehtiyacı yaranır. Bu, COVİD-19 xəstəliyi üçün xarakterikdir. 3 ay ərzində bunlar nəzərə alaraq, xəstəxanalar üçün oksigen generatorları gətirilib”.

R.Bayramlı qeyd edib ki, modul tipli xəstəxanalarla birlikdə 7000-ə yaxın çarpayı fondu var, artıq xəstələrin sayı 5000-ə çatır.

Onun sözlərinə görə, ötən həftdə uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün hazırlıq dövrü oldu: “Son iki həftə ərzində tətbiq olunan qısamüddətli məhdudiyyətlər düşünülmüş şəkildə edilmişdi. Bu, bizə imkan verdi ki, uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanaq”.

.