İşğalda inləyən torpaqlara əlimiz çatmırsa, gec-tez «fərari» sözü yazılmış lövhənin ilgəyini boynumuza keçirməliyik…
"Cəmiyyətimizdə insanlıqda payı, kişilikdə haqqı olmayanların riyakarlıq maskaları o qədər çoxdur ki..."

Müdrik insanın hər hansı məqaləsini, müsahibəsini oxuyanda mütləq yaddaşıma nə isə hopur, müəyyən fikrin mənaları istər-istəməz yazılarımda dadıma çatır.

Rafiq Əliyevin məqalələrini oxumuram, su kimi içirəm. Ha istəyirəm ki, oradakı müdrik deyimləri, aforizmləri ayrıca qeyd edib özümdə saxlayım. Baxıb görürəm ki, Rafiq Əliyev imzası olan yerdə seçim axtarmaq mümkün deil, çünki onun bütün fikirləri nəsihətamizdir, mübarəkdir, qələm əhli üçün təbərrikdir.

Bu gün az-çox tanınan adamlar, «aliməm» deyib Aya doğru hayqıranlar, özlərini «sənətçi» sayan oxuyanlar, elə bəzi peşəkar musiqiçilər də müsahibə verəndə primitivlikdən kənara çıxa bilmirlər. Həmin işdə düşük-düşük, səviyyəsiz suallar verən «jurnalistlər» də günahkardırlar. Rafiq müəllim mənim üçün verilən sualları ətraflı, elmi, müdrik, emosional, ən əsası, səlis və qeyri-səlis məntiqin vəhdətində cavablandıran zəka sahibidir. Onun məqalə və müsahibələri bakirə xanım nəzakəti qədər səmimi və ülvidir, pak və müqəddəsdir.

Zəka sahibinin elmin mahiyyətindən doğan müdrik qənaətidir. Amma və di gəl ki, mən bu fikri həm də sosial-məişət kontekstində yozmağa çalışıram. Çalışıb bu qənaətə gəlirəm: Cəmiyyətimizdə insanlıqda payı, kişilikdə haqqı olmayanların riyakarlıq maskaları o qədər çoxdur ki, biz onların əsl batinində nələr gizləndiyini görə bilmirik.

İstəyirsən səlis məntiqlə, istəyirsən qeyri-səlis məntiqlə, istəyirsən materialist filosof kimi yanaş, istəyirsən idealist filosof kimi yanaş, bütün hallarda Rafiq Əliyevin bu fikri nur saçan Günəş reallığı kimidir: «Ziyalının ən dominant tərəfi təmasda rahat olmasıdır».

Bəli, aqil və pak insan bütün hallarda ruhən azad, fikircə sərbəst, daxili enerji baxımından rahatdır.

Bir dəfə «Mir» telekanalının aparıcısı Rafiq Əliyevə sual verib ki, xarici ölkələrdə çox məşhursunuz, bir neçə əcnəbi universitetin professorusunuz. Xaricdə yaşamaq istəyərdinizmi?

Möhtərəm alim deyib: «Mən Qarabağda doğulmuşam, əgər o işğalda olmasaydı bu barədə fikirləşərdim. Amma indi getsəm özümü fərari sayaram».

Bəli, özünə Azərbaycanlı deyən hər bir kəsin Vətən qarşısında bir namus borcu var. Bu namus borcu Qarabağın işğaldan azad olmasıdır. Hazırda işğalda inləyən torpaqlara əlimiz çatmırsa, gec-tez «fərari» sözü yazılmış lövhənin ilgəyini boynumuza keçirməliyik…

İlham Əzizoğlu
.