Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Təqsirləndirilən Bayram Vəliyev yenə də məhkəməyə xərəkdə gətirilib.
B. Vəliyevin vəkili vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətinə görə barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib: "Bayram Vəliyevə ixtisaslaşmış tibbi yardım göstərilməlidir. Onun problemi əsasən sinirlə bağlıdır, vurulan ağrıkəsici iynələrin də artıq təsiri yoxdur. Bayram Vəliyev təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirmir. Xahiş edirəm, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin".
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov isə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilən ittihamlar 2009-2015-ci illəri əhatə edir və onun olduğu iddia edilən 67 əmlakın üzərinə həbs qoyulub: "Halbuki bunlardan yalnız iki əmlak Vidadi Zeynalovun mülkiyyətindədir. O əmlakların da biri ittihamın əhatə etdiyi dövrdən xeyli əvvəl alınıb. Vidadi Zeynalovun bacılarının da əmlakının üzərinə həbs qoyulub. Bu cür yanaşma mülkiyyət hüququnun pozulmasıdır. Təklif edirəm ki, Vidadi Zeynalovun əmlaklarının üzərindən həbs götürülsün və bu əmlaklar satılaraq, ziyan ödənilsin".
Hakim Əfqan Hacıyev əmlakla bağlı məsələyə yekunda müşavirə otağında qiymət veriləcəyini deyib.
Təqsirləndirilənlər - Namazalı Məmmədovun və Anar Mustafayevin vəkilləri isə təkrar ekspertizanın keçirilməsi və Maliyyə Nazirliyinin ekspertlərinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə ekspertlərlə bağlı vəsatəti baxılmamış saxlayıb, B. Vəliyevin ev dustaqlığına buraxılması haqda vəsatəti isə təmin etməyib.
Bu zaman B. Vəliyevin vəkili məhkəmə tərkibinə etiraz edib. Vəkil qeyd edib ki, B. Vəliyev səhhətində yaranan problemlərlə bağlı prosesdə iştirak edə bilmədiyini, bu vəziyyətdə məhkəmə istintaqının aparılmasına etiraz edir.
Məhkəmə tərkibinə etirazla bağlı vəsatətə münasibət bildirən digər təqsirləndirilən şəxslər qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər. Bayram Vəliyev isə onların bu fikirlərinə etiraz edib və təhqiredici ifadələr işlədib: "Bunlar vəsatəti ona görə müdafiə etmirlər ki, günahkar özləridirlər".
Məhkəmə kollegiyası etirazı əsassız hesab edərək, təmin etməyib.
Proses martın 29-da davam etdiriləcək.
.
