Ölkəmizdə məişət zorakılığına qarşı ciddi mübarizə aparılır.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
“Burda qeyd edildi ki, daha çox qadınlar məişət zorakılığına məruz qalır. Mən deməzdim ki, qadınlar məişət zorakılığına çox məruz qalır. Yox! Mən müstəntiq işləmişəm. Bir çox hallarda bizim qadınlar ailədə dözülməz vəziyyət yaradırlar. Gənclər bir-birini tanımadan ailə qururlar. Nəzərə almırlar ki, aldıqları maaşla uşaq da dünyaya gələrsə, problemlərini necə həll edəcək? Maddi problemlər ailədə psixoloji gərginliyə yol açır. Sosial vəziyyət də məişət zorakılığını doğuran səbəblərdən biridir. Bu sahədə ciddi araşdırmalar aparmalıdır. Bir çox ölkələrdə cinayət tərkibi olmadıqda şikayətlərə baxıldıqda məsələ qoyulur ki, həmin adam 10 seans psixoloq qəbulunda olsun, ya da onunla bağlı iş qaldırılsın. Bu kimi məişət zorakılığının baş verməsində əsas faktor mədəni səviyyə məsələsidir, amma sosial vəziyyət də az rol oynamır. Qadınlar bu cür zorakılıqla üzləşdikdə hüquq mühafizə orqanlarına müraciət etməsə də, anasına, ailə üzvünə deyirlər. Amma kişilər bu barədə danışmırlar. Bəlkə də kişilərin az yaşamasının səbəbi budur. Kişilər məişət zorakılığından daha çox əziyyət çəkir. Qadınlar öləndə deyirlər ki, bu, Allahın işidir, kişilər öləndə isə deyir ki, bu qadının işidir. Bu zarafatla deyilmiş atalar sözüdür”.
.