"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun məhkəmə istintaqı yekunlaşıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror, 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov və Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilmələrini təklif edib.
O, Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib.
Növbəti proses 22 iyuna təyin edilib.
Xatırladaq ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.
"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar irəli sürülüb.
.
