
Cənubi Koreyanın "The Korea Post" nəşri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Cənubi Qafqaz regionunda sonrakı proseslərə həsr olunmuş məqalə dərc edib.
Məqalədə onilliklərlə davam edən işğaldan sonra Azərbaycanın tarixi ədalətin bərpasına doğru yolu, həmçinin ölkənin münaqişədən sonrakı dövrdə əldə etdiyi nailiyyətlər ətraflı şəkildə qeyd edilib.
"Son 5 il ərzində Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə edib. Bu gün azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlər ən yüksək beynəlxalq standartlara uyğun olaraq, qabaqcıl texnologiyalardan istifadə edilərək bərpa olunur", - məqalədə vurğulanır.
Bundan əlavə, regionun münaqişədən sonrakı bərpasının müxtəlif problemlərinə xüsusi diqqət yetirilib. Məqalədə ərazilərin minalardan təmizlənməsi üzrə miqyaslı işlər, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və dinc əhaliyə qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalətli cəzalandırılmasının təmin edilməsi xüsusilə qeyd olunur.
"The Korea Post" Bakının səyləri sayəsində Azərbaycan və Ermənistan arasında inkişaf edən sülh prosesindəki irəliləyişi xüsusi vurğulayıb.
"Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması 30 ildən çox davam edən münaqişə fəslinin bağlanmasına doğru gedən yolda əhəmiyyətli irəliləyişi olub. Dayanıqlı sülhün yaxın olduğu bu həlledici məqamda Azərbaycan sülh gündəliyinin təşviqini Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə özünün ali borcu hesab edir", - məqalədə bildirib.
.