Dekabrın 23-də  Milli Məclisin  İctimai  birliklər və dini qurumlar, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitələrinin onlayn formatda  birgə iclası  keçirilib.

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli  Məclis  Sədrinin müavini, İctimai  birliklər  və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycan  torpaqlarının işğaldan  azad  edilməsi  uğrunda  Müzəffər  Ordumuzun 44 günlük  savaşdakı möhtəşəm qələbəsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin  atdığı  uğurlu  diplomatik  addımların  nəticəsi olduğunu deyib.

Fəzail İbrahimli  bu qələbəni həm də dünyanın müxtəlif ölkələrindəki  erməni lobbisi  və  erməmi  təəssübkeşliyi  üzərində  Azərbaycanın  qalibiyyəti, haqqın, ədalətin  zəfər çalması kimi  dəyərləndirib.

Sonra  onlayn iclasda  “Siyasi partiyalar haqqında”  qanuna dəyişikliklər  edilməsi  barədə   qanun layihəsi  birinci  oxunuşda  müzakirə  edilib.

Milli Məclis  Sədrinin  birinci  müavini, Hüquq  siyasəti  və dövlət  quruculuğu  komitəsinin sədri  Əli Hüseynli sənədə təklif  edilən  dəyişikliklərin mahiyyəti  barədə   danışıb.

Təklif olunan  dəyişikliklərdə qanunun tətbiqi  zamanı yarana  biləcək  vəsait  çatışmazlığının aradan  qaldırılması mexanizmləri, siyasi  partiyaları  təmsil edən deputatların saylarının artması və azalması, Milli Məclisdə  yeni  siyasi partiyaların təmsil olunması hallarında  vəsaitin  hesablanma tarixi əksini tapıb. Dəyişikliklərdə  siyasi  partiyaların  dövlət  büdcəsindən  ayrılan vəsaitdən imtina  etdiyi  zaman  həmin vəsaitin  dövlət  büdcəsinə  qaytarılması  yox,  Milli Məclisdə  təmsil  olunan  partiyalar  arasında  dördüncü  rübün  sonunda  bərabər  olaraq  bölünməsi  nəzərdə  tutulub.

Onlayn iclasda  millət  vəkillərindən  Ceyhun Məmmədov, Anar İsgəndərov, Sahib Alıyev  çıxış edərək  müzakirə  edilən qanun layihəsi  bağlı  fikirlərini  bildiriblər. Yeni dəyişikliklərin dövlətlə siyasi partiyalar arasında əlaqələrin  gücləndirlməsində, siyasi  partiyaların daha  səmərəli fəaliyyət göstərməsində mühüm rol oynayacağı vurğulanıb.

Müzakirələrin sonunda qanun layihəsinin birinci oxunuşda Milli Məclisin plenar iclasına  tövsiyə  edilməsi qərara  alınıb.

Onlayn toplantıda  hər iki komitənin  üzvləri  olan  deputatlar iştirak ediblər.

.