“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi Konfrans Liqasının IV turunda meydana çıxıb.

Ağdam klubu Qazaxıstanda “Kayrat”ın qonağı olub. Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Öncə İbrahima Vadji hesabı açsa da, Kevin Medinanın kobud səhvindən sonra meydan sahibləri bərabərlik qoluna imza atıb. Lakin cari mövsümdə avrokuboklarda uduzmayan “Qarabağ” ardıcıl üçüncü qələbəsini qazanmağa müvəffəq olub. Abdullah Zubir təmsilçimizə qələbə gətirən topa imza atıb.

Bu qələbədən sonra xal hesabını 10-a çatdıran “Qarabağ” qrupdan çıxmağa doğru daha bir addım atıb. Ağdamlıların ilk iki yerdən birini tutması artıq bu gün rəsmiləşə bilər. Əgər “Bazel” “Omoniya”ya uduzmasa, Premyer Liqanın vitse-çempionu Azərbaycan futbolu tarixində ilki rəsmiləşdirərək qrupdan çıxacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.

Konfrans Liqası
H qrupu, IV tur

 “Kayrat” - “Qarabağ” - 1:2
Qollar: Joze Kante, 68 - İbrahima Vadji, 58, Abdullah Zubir, 72

.