Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Turun və I dövrənin son oyununda "Qarabağ" "Sabah"ın qonağı olub. Masazırdakı "Bank Respublika Arena"da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

27-ci dəqiqədə Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges "köhlən atlar"ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıda da hücumlarını davam etdirən "Qarabağ" 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Qarabağ" zirvədəki yerini möhkəmlədib. 1 xalı olan "Sabah" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Neftçi" səfərdə "Sumqayıt"la heç-heçə edib - 1:1. Eyni hesab ötən gün keçirilmiş "Qəbələ" - "Zirə" matçında da qeydə alınıb. İlk oyun gününün digər qarşılaşmasında isə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

.