Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Günün ikinci martçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib.
.