Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirib.

Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxıb.

İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edib. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə də bu seriyanı davam etdirib.

19-cu dəqiqədə penalti qolu ilə hesabda geri düşən ağdamlılar son dəqiqələrdə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev status-kvonu bərpa edib. Final fiti ərəfəsində isə Abbas Hüseynov komandamıza 3 xalı qazandıran qola imza atıb.

Əzmkar qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Qarabağ” liderliyini davam etdirir.

Qeyd edək ki, “Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Konfrans Liqası

H qrupu, III tur

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1

 

.