Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin ilk matçında "Rakuv"un qonağı olub.
Ağdam klubu Polşa çempionu ilə qarşılaşmada məğlubiyyət acısı yaşayıb. Oyunun birinci hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra komandalar fəallıq göstəriblər. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri nəticəsində meydan sahibləri hesabda 2:0 önə keçiblər. Bu amil çempionumuzu ruhdan salmayıb və qısa müddət ərzində hesabı bərabərləşdırmək mümkün olub. Cica 74 və 76-cı dəqiqələrdə dubl edib. Amma Polşadan sərfəli nəticə ilə dönmək mümkün olmayıb. Əsas vaxta əlavə olunmuş ilk dəqiqədə oyuna sonradan daxil olan Kittel uzaqdan zərbə ilə "Rakuv"a qələbə qazandıran qolun müəllifi olub.
Qeyd edək ki, cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
.